GUAM-IN BAŞ KATİBİ VALERİ ÇEÇELAŞVİLİNİN ÇIXIŞI
-Zati-aliləri cənab sədr,
Zati-aliləri hörmətli nümayəndə heyətləri başçıları,
Xanımlar və cənablar!
İlk növbədə, icazə verin, forum iştirakçıları və qonaqlarının gözəl Bakı şəhərində ənənəvi qonaqpərvərliklə qarşılanmasına və Bakı zirvə görüşünün əla təşkilinə görə minnətdarlıq dolu sözlərə qoşulum.
Dövlət başçılarının Bakı zirvə görüşünün, sadəcə, sədrliyin Ukraynadan Azərbaycana keçməsi məqsədi daşımadığı barədə bu gün burada dəfələrlə səslənən tezislərlə tamamilə şərikəm. Son iki gün ərzində razılaşdırılmış sənədləri nəzərə alaraq, cəsarətlə demək olar ki, biz əməkdaşlığın keyfiyətcə yeni mərhələsinə qədəm qoyuruq.
Dövlət başçılarının Kiyev zirvə görüşündən sonra Ukraynanın sədrlik etdiyi dövrdə təşkilatda əməkdaşlıq sistemləşdirilmiş və GUAM-ın institusional quruculuğu, əslində, başa çatmışdır. Fürsətdən istifadə edib göstərilmiş etimada görə üzv dövlətlərin nümayəndə heyətlərinə minnətdarlığımı bildirmək istəyirəm. Əmin edirəm ki, katiblikdəki həmkarlarımla birlikdə qurumun məqsəd və vəzifələrini həyata keçirmək üçün mümkün olan hər şeyi edəcəyəm.
Nümayəndə heyətlərinin başçıları bir neçə dəqiqə sonra Bakı Bəyannaməsini imzalayacaqlar. Bəyannamədə Kiyev zirvə görüşündən keçən müddət ərzində GUAM çərçivəsində əməkdaşlığa siyasi qiymət verilir və növbəti gələn il üçün qarşılıqlı əlaqələrin perspektivləri
müəyyənləşdirilir. Sənəd GUAM regionunun inkişaf perspektivlərinin ümumi mənzərəsini formalaşdırır və GUAM regionunda ümumi inteqrasiya və təhlükəsizlik məkanını formalaşdırmaq üçün üzv dövlətlərin potensialından tam mənada istifadə etmək zərurətini vurğulayır. Bu, zirvə görüşünün əsas ideyasıdır. İmzalanmaq üçün hazırlanmış bütün sənədlər ona xidmət edir və Azərbaycanın sədrlik proqramı da ona istiqamətlənmişdir.
Nümayəndə heyətləri başçılarının öz çıxışlarında ifadə etdikləri məqsədləri əsas tutaraq, katibliyin fəaliyyəti yaxın bir il ərzində aşağıdakı başlıca istiqamətlərə yönəldiləcəkdir: azad ticarət zonasının, dolğun şəkildə fəaliyyəti mütəşəkkil, o cümlədən transmilli cinayətkarlıqla mübarizənin sərtləşdirilməsi, mədəni, humanitar əməkdaşlığın fəallaşdırılması, ilk növbədə, enerji nəqli sahəsində regional layihələrin reallaşdırılması və bununla əlaqədar GUAM-ın tərəfdaşları, ilk növbədə, ABŞ, Yaponiya və Polşa, bütövlükdə Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi.
Təbii ki, təşkilatın fəaliyyətinin ən mühüm xarici istiqaməti GUAM-ın üzvü olan ölkələrin və bütövlükdə qurumun siyasətinə, o cümlədən münaqişələrin dinc yolla həlli problemi üzrə siyasətinə beynəlxalq birliyin, ilk növbədə, Avropa birliyinin dəstəyini birləşdirməkdir. Bu baxımdan, “GUAM məkanında uzun sürən münaqişələr haqqında” maddənin GUAM-ın təşəbbüsü ilə BMT Baş Məclisinin gündəliyinə salınması qurumun aşkar uğuru və onun artmaqda olan beynəlxalq nüfuzunun və hörmətinin etiraf edilməsi deməkdir. Katibliyin fəaliyyəti də bütün bu işlərə istiqamətlənəcəkdir.
Çıxışımın sonunda icazə verin, fəal və təşəbbüskar sədrliyə görə Ukrayna Prezidentinə bir daha minnətdarlığımı bildirim və Azərbaycan Prezidentini əmin edim ki, Azərbaycanın dolğun və təsirli proqramının uğurla həyata keçirilməsi üçün katibliyin bütün imkanları səfərbər olunacaqdır.
Cənab sədr, çox sağ olun.
X X X
GUAM-da sədrlik edən Azərbaycanın Prezidenti İlham Əliyev zirvə görüşünə yekun vurdu.