GUAM PA-nın komitə iclaslarında Cənubi Qafqaz regionundakı cari vəziyyət müzakirə olunub
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də GUAM Parlament Assambleyasının Elm, mədəniyyət, təhsil və idman məsələləri üzrə və Siyasi məsələlər və regional təhlükəsizlik üzrə komitələrinin videokonfrans formatında iclasları keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclaslarda Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Nəsib Məhəməliyev və Cavid Osmanov iştirak ediblər.
Əvvəlcə GUAM PA-nın Elm, mədəniyyət, təhsil və idman məsələləri üzrə komitəsinin iclası keçirilib. İclasda hərbi və fövqəladə vəziyyətlərdə, pandemiya şəraitində təhsil prosesinin təmini, GUAM ölkələrinin təhsil sisteminin Avropa və dünya standartlarına uyğunluğu üçün görüləcək tədbirlər və GUAM regionunda elmin və milli-mədəni sferanın inkişafına dövlət dəstəyi kimi məsələlər nəzərdən keçirilib.
İclasa moderatorluq edən GUAM PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev gündəliyin birinci məsələsi olan “Hərbi və fövqəladə vəziyyətlərdə, pandemiya şəraitində təhsil prosesinin təmini” mövzusunda çıxış edib. E.Allahverdiyev bu sahədə Azərbaycanın təcrübəsindən danışıb, dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən, bu işlərdə parlamentin fəal iştirakından söz açıb, yaradılan qanunvericilik bazası haqqında ətraflı məlumat verib.
O, 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın dinc yaşayış məntəqələrini, təhsil müəssisələrini hədəfə alması səbəbindən təhsilin böyük bir ərazidə dayandırıldığını qeyd edib. Deputat Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə toxunaraq təhsil müəssisələrinin dünya və Avropa standartlarına uyğun yenidən tikildiyini vurğulayıb.
İclasın ikinci məsələsi olan “GUAM ölkələrinin təhsil sisteminin Avropa və dünya standartlarına uyğunluğu üçün görüləcək tədbirlər” mövzusu ilə bağlı deputat Cavid Osmanov çıxış edib.
Dünyada texnologiyaların inkişafının hər bir ölkənin elm və təhsil sistemi qarşısında yeni tələblər irəli sürdüyünü bildirən Milli Məclisin deputatı Azərbaycanda dövlətin bu çağırışlara uyğun həyata keçirdiyi siyasətindən söz açıb. O, Vətən müharibəsində Azərbaycanın torpaqlarını Ermənistanın işğalından azad etməsinə toxunub, işğalın acı nəticələrindən bəhs edib, onların aradan qaldırılması üçün aparılan genişmiqyaslı bərpa işlərindən danışıb. O, Azərbaycanda təhsil sistemində aparılan islahatlar, təhsilin yüksək dünya və Avropa standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər, qəbul edilən dövlət proqramları, əldə olunan nəticələr barədə məlumat verib.
GUAM PA-nın Siyasi məsələlər və regional təhlükəsizlik üzrə komitəsinin iclasında GUAM regionunda təhlükəsizliyin cari vəziyyəti, GUAM ölkələrinin qanunverici orqanlarının təhlükəsizlik məsələləri ilə bağlı beynəlxalq müstəvidə əməkdaşlığı kimi mövzular müzakirə edilib.
İclasda çıxış edən GUAM PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev 44 günlük Vətən müharibəsinin nəticələrindən söz açıb, Azərbaycan-Ermənistan münasibətləri kontekstində Cənubi Qafqaz regionundakı cari vəziyyəti xarakterizə edib, regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsi üçün əldə olunmuş razılaşmaların müddəalarının yerinə yetirilməsinin əhəmiyyətini vurğulayıb.