GÜCLÜ KÜLƏK CƏNUB BÖLGƏSİNİN TƏSƏRRÜFATLARINA VƏ SOSİAL OBYEKTLƏRƏ ZİYAN VURMUŞDUR
Astara, 25 iyun (AZƏRTAC). İyunun 24-də gecə saatlarından başlayaraq cənub bölgəsində əsən güclü şimal-şərq küləyi fərdi təsərrüfatlara və sosial obyektlərə ziyan vurmuşdur.
Saniyədə 23 metr sürətlə əsən güclü külək bir sıra ictimai və yaşayış binalarının dam örtüyünü uçurmuş, yüzlərlə ağacı kökündən qoparmış, elektrik və rabitə dirəklərini aşırmışdır.
Təbii fəlakət zamanı bölgənin elektrik və rabitə təsərrüfatlarına ciddi ziyan dəymişdir. Çoxlu sayda elektrik dirəyinin aşması və naqillərin qırılması nəticəsində Astara, Lənkəran, Lerik, Masallı və Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilələr yaranmışdır.
Lənkəran şəhərindəki Qala xiyabanındakı doqquzmərtəbəli yaşayış binasının dam örtüyü uçmuş, rayonun Şiləvar kəndində qarajın dam örtüyü qoparaq, qonşu evin üzərinə düşmüşdür. Hadisə zamanı xəsarət alan olmasa da, yaşayış evinə ciddi ziyan dəymişdir.
Güclü külək Masallı rayonunun Qızılağac kənd 1 nömrəli, Hişkədərə, Tüklə, Qodman, Göyəçöl, Həsənli, Köcəkli kənd orta məktəb binalarının, Səmidxan kəndindəki uşaq bağçasının dam örtüyünü uçurmuş, 50 elektrik və 20 rabitə dirəyini aşırmış, Xırmandalı kəndində tərəvəz və bostan sahələrinə ciddi ziyan vurmuşdur.
Təbii fəlakət nəticəsində Cəlilabad rayonunda bir beşmərtəbəli, iki dördmərtəbəli və bir ikimərtəbəli yaşayış binasının və rayon avtovağzal binasının dam örtüyü uçmuş, 100-ə yaxın elektrik və 80 rabitə dirəyi aşmışdır.
Rayonların fövqəladə hallar komissiyaları təbii fəlakətin vurduğu ziyanın nəticələrini aradan qaldırmaq məqsədi ilə təxirəsalınmaz və zəruri tədbirlər həyata keçirirlər.
İyunun 25-də günün ikinci yarısında bölgənin əksər yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi bərpa edilmişdir.