GÜCLÜ LEYSAN ŞƏKİ ŞƏHƏRİNƏ VƏ ƏTRAF KƏNDLƏRƏ CİDDİ ZİYAN VURMUŞDUR
Şəki, 15 iyul (AZƏRTAC). İyulun 14-dən 15-nə keçən gecə Şəki rayonu ərazisində küləklə müşayiət olunan güclü leysan yağışları nəticəsində Şəki şəhərində və ətraf kəndlərdə sosial obyektlərə, infrastruktura və fərdi yaşayış evlərinə ciddi ziyan dəymişdir.
Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, güclü sel suları şəhərin “Yuxarıbaş” Tarix-Memarlıq Qoruğu ərazisində bütün küçələrdə, habelə M.F.Axundov və M.Rəsulzadə prospektlərində asfalt örtüyünü tamamilə dağıtmış, evlərə, mağazalara, həyətlərə daş-çınqıl, lil dolmuş, ciddi dağıntılara səbəb olmuşdur. Bəzi yerlərdə ağaclar tikililərin üstünə aşmışdır. Bundan əlavə, bir neçə minik avtomobili də yararsız hala düşmüşdür.
Bəzi kəndlərdə əhalinin təsərrüfatlarına ciddi ziyan dəymiş, kənddaxili yollar dağılmışdır. Elektrik dirəklərinin aşması və qaz xətlərinin dağılması nəticəsində Şəki şəhərinə elektrik enerjisinin və təbii qazın verilişi dayandırılmışdır. Rabitə xətlərinə də xeyli ziyan dəymiş, əlaqələr kəsilmişdir. Oğuz istiqamətində avtomobil yolunda respublika əhəmiyyətli körpünün dayaqlarının bir hissəsi yuyulmuşdur.
Güclü sel suları şəhərin Baş Su Hövzəsində “Tövlə qayası” adlanan ərazidə Şəki şəhərini içməli su ilə təmin edən suötürücü qurğunu dağıdaraq, fəaliyyətini tamamilə dayandırmışdır.
Yaranmış vəziyyətlə əlaqədar şəhər rəhbərliyi operativ tədbirlər həyata keçirir.
Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə kömək məqsədi ilə müvafiq dövlət qurumlarına da müraciət olunmuşdur.