Güclü qar fırtınası Yaponiyanın Hokkaydo prefekturasında həyatı iflic edib
Tokio, 2 mart, AZƏRTAC
Güclü qar fırtınası Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasında həyatı iflic edib.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, Yapon dənizi sahillərində yerləşən bu prefekturada son illərin ən güclü qar fırtınası qeydə alınıb. Agentlik sakinlərə evlərindən çıxmamağı tövsiyə edib.
Martın 2-də Tomakomai şəhəri yaxınlığında 20 yaşlı bir gənc ölü vəziyyətdə tapılıb. Onun qarda batmış sürücüyə yardım göstərmək üçün göndərildiyi bildirilir.
Həmin gün Sari şəhərində içərisində təxminən 40 lisey şagirdinin olduğu avtobusun da yolda qaldığı barədə məlumatlar yayılıb. Bir gün əvvəl Hokkaydo prefekturasının yollarında, ümumilikdə, 320 nəqliyyat vasitəsinin hərəkətsiz qaldığı da bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio