Güngörməz qalasında gizlin qalan tariximiz - ətraflı tədqiqata ehtiyac var
Hacıqabul, 21 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Güngörməz qalası Hacıqabulda rayon mərkəzindən 45 kilometr aralıda, Udulu kəndinin ərazisində yerləşir. Qala qədim tarixə malik yaşayış məskəni və müdafiə məqsədi ilə istifadə edilib. Bu ərazinin Eneolit və Tunc dövrlərindən XVII əsrə qədərki müddəti əhatə etdiyi ehtimal olunur.
Abidə mühafizəsi üzrə baş mütəxəssis Dəniz Təhməzov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Güngörməz qalası 2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə dövlət qeydiyyatına alınıb: “Qala ilə tanış olmaq üçün gələn qonaqlara onun tarixi və xüsusiyyətləri barədə məlumat verilir. Əsasən buraya yerli turistlər gəlir. Lakin ərazidə turistlərin cəlb edilməsi üçün əlverişli şərait olarsa, xarici vətəndaşları da cəlb etmək olar".
Tarixçi tədqiqatçı Elman Həsənovla söhbət zamanı bildirib ki, bu qala el arasında Güngörməz kimi tanınır, amma bu barədə yazılı bir məlumat yoxdur. “Qalanın Güngörməz adı ilə tanınması isə ehtimal olunur ki, dağın Şimal tərəfdə çox sıldırım yerdə, təxminən 750-800 metr hündürlükdə yerləşməsi və demək olar, qalaya il ərzində gün düşməməsi ilə əlaqədardır. Bu yer təbii qaladır, vaxtilə əraziyə hücumlar olanda müdafiə üçün istifadə edilib. Cənub hissəsi müdafiəyə açıq olduğu üçün insanlar burada iki xətt üzrə qala divarları çəkiblər. Bu isə onu göstərir ki, birinci qala düşmən tərəfindən ələ keçilərdisə, ikinci qala daxildə hücumun qarşısını almaq məqsədi daşıyıb. Qalanın 3 metr qalınlığında sal daşlardan ibarət sədləri olub, lakin uçub dağıldığı üçün hündürlüyü haqda məlumat yoxdur. Sovet dövründə - 1980-ci illərə kimi bu yerlərə ögey münasibət bəslənib. Yalnız 1985-ci ildən sonra ərazidə arxeoloji qazıntı aparılan zaman küp qəbirlər, zəngin adamlara məxsus məzarlar, saxsı qablar, daş dövrünə aid müxtəlif əşyalar tapılıb. Qəbirlərdə, həmçinin insanların işlətdikləri əşyalar, silahlar aşkar edilib. Həmin əşyalar rayonun Tarix-Diyarşünaslıq Muzeyinə verilib. Bu da göstərir ki, qalanın qədim tarixi var. Burada sistemli araşdırma aparılarsa, ərazidəki həyatın Eneolit-Son tunc dövrünə gedib çıxdığını görərik”, - deyə o qeyd edib.