Gürcü jurnalist: Uşaqlığımın, gəncliyimin ən şirin xatirələri Novruz bayramı ilə bağlıdır
Tbilisi, 19 mart, AZƏRTAC
Bizim ailəmiz uşaqlıqdan Novruz bayramını azərbaycanlılarla birlikdə qeyd edib. Biz Tbilisidə azərbaycanlılarla bir məhəllədə yaşayırıq. Uşaq vaxtı Novruz bayramında qonşuların qapısını döyüb papaq atardıq. Novruz bayramı mənim ən çox sevdiyim bayramdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın araşdırmaçı-jurnalisti Lika Jorjoliani söyləyib.
O deyib: “Azərbaycanlı qonşularımız bizə səməni halvası, şəkərbura, paxlava, Borçalı qatlaması və digər şirniyyatlar verərdilər. Plov və dolma, qutab da bişirirdilər. Mənim uşaqlığımın, gəncliyimin ən şirin xatirələri də Novruz bayramı ilə bağlıdır”.
Onun sözlərinə görə, onlarla bir məhəllədə yaşayan digər millətlərin nümayəndələri də Novruzun gəlişini sevinclə qarşılayırdılar. Sanki bu bayram həm də xristianların bayramıdır. Düşünürəm ki, bu bayram dinindən, dilindən asılı olmayaraq hamının bayramı olmalıdır. Ona görə ki, Novruz yeni ilin, baharın gəlişini simvolizə edir.
“Mən fürsətdən istifadə edib Azərbaycan xalqını, eləcə də bu bayramı qeyd edən digər xalqları da Novruz bayramı münasibətilə təbrik edirəm”, – deyə Lika Jorjoliani vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi