Gürcü politoloq: Mövcud enerji infrastrukturu Gürcüstan-Azərbaycan əməkdaşlığını daha da dərinləşdirir
Tbilisi, 19 oktyabr, AZƏRTAC
Cənubi Qafqazda ümumi azad ticarət məkanının yaradılması region ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə və onların beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına töhfə verə bilər.
AZƏRTAC xəbər verir ki, bunu “Geocase” analitik təşkilatının rəhbəri Viktor Kipiani Tbilisidə keçirilən “Gürcüstan–Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, Gürcüstanın regional nəqliyyat və logistika layihələrində əhəmiyyətini qoruması üçün Qərblə tarixən formalaşmış əlaqələrini davam etdirməsi, eyni zamanda, Şərqlə əməkdaşlıq imkanlarından səmərəli istifadə etməsi vacibdir.
Regional və beynəlxalq proseslərin enerji marşrutlarının əhəmiyyətini artırdığını vurğulayan politoloq Ukraynada davam edən münaqişə fonunda enerji nəqli istiqamətlərinin aktuallığına, eləcə də Qazaxıstan neftinin nəqli üçün Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadə perspektivlərinə diqqət çəkib.
O hesab edir ki, Gürcüstanın və Azərbaycanın mövcud enerji, nəqliyyat infrastrukturu iki ölkənin əməkdaşlığını daha da dərinləşdirmək üçün mühüm imkanlar yaradır.
Politoloq, həmçinin Cənubi Qafqazda ümumi azad ticarət məkanının yaradılması təşəbbüsünün müzakirəyə çıxarılmasını təklif edib.
V.Kipianinin fikrincə, regional əməkdaşlığın gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi Cənubi Qafqazın beynəlxalq münasibətlər sistemində daha fəal rol oynamasına şərait yarada bilər.