SİYASƏT
Gürcü qubernator: Ölkəmizdən keçən enerji layihələrinin təşəbbüskarı da məhz Heydər Əliyevdir
Tbilisi, 10 may, AZƏRTAC
Müstəqilliyimizin bərpasından sonra Azərbaycan ilə Gürcüstan arasında mehriban dostluq və qonşuluq münasibətləri yeni müstəvidə inkişaf etməyə başlayıb. Əlaqələrimizin inkişafında xalqlarımızın rifah halının yaxşılaşmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna rolu olub.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Sameqrelo-Zemo Svaneti bölgəsinin qubernatoru Qiorqi Ququçia söyləyib.
O deyib ki, bu gün Gürcüstandan keçən enerji layihələrinin təşəbbüskarı da məhz Heydər Əliyevdir. Belə bir tarixi şəxsiyyətin yubiley tədbirlərinin Gürcüstanda, xüsusən də ilk dəfə olaraq Sameqrelo-Zemo Svaneti bölgəsinin Poti şəhərində, Xobi bələdiyyəsində keçirilməsi, tarixi şəxsiyyətinin 100 illik yubileyi ilə əlaqədar Kulevi terminalının ərazisində 100 ədəd ağacın əkilməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir.
Qubernator deyib: “Düşünürəm ki, bu cür tədbirlər, Heydər Əliyev şəxsiyyəti barədə gələcək nəsillər üçün də mühüm əhəmiyyət kəsb edir. Onlar da Gürcüstanın, gürcü xalqının yaxın dostunu yaxşı tanımalıdırlar. Bu cür tədbirlər davamlı və daha rəngarəng olmalıdır”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi