GÜRCÜSTAN AZƏRBAYCANLILARI MUXTARİYYƏT İDDİASINDA DEYİLDİRLƏR
Son vaxtlar ermənilərin Cənubi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinə ya muxtariyyət, ya da özünüidarə hüququ verilməsi tələbi ilə əlaqədar vəziyyətin gərginləşməsi nəticəsində bəzi ölkələrin, ilk növbədə, Rusiyanın kütləvi informasiya vasitələri müxtəlif şayiələr yayır. Məsələn, bildirilir ki, guya Kvemo Kartli - Borçalı bölgəsində yaşayan azərbaycanlılar da ayağa qalxaraq, muxtariyyət tələb edirlər.
Bununla əlaqədar həmin bölgənin qubernatoru Levan Mamaladze yerli və xarici ölkələrin Tbilisidə akkreditə olunmuş müxbirləri üçün brifinq keçirdi. O, bəyan etdi ki, Abxaziya, Cənubi Osetiya münaqişələri, axır vaxtlarda isə Pankisi dərəsi ilə bağlı qondarma problemlər süni surətdə ortaya atılmışdır, indi də Borçalı məsələsi uydurulmuşdur. Əsla şübhə yoxdur ki, bütün bu əməllərdən məqsəd Gürcüstanda sabitliyi pozmaq və ölkədə yaşayan xalqları gürcülərə qarşı qaldırmaqdır.
Cənab Mamaladze qəti şəkildə bildirdi ki, nə ölkə daxilindəki, nə də bir sıra dövlətlərdəki bədxahlarımız Azərbaycanda və Gürcüstanda yaşayan gürcülərlə azərbaycanlıların arasını vura bilməyəcəklər. O, birmənalı şəkildə dedi: Qoy bütün dünya birdəfəlik yəqin etsin ki, bu iki xalqı bir-birinin üstünə qaldırmaq mümkünsüz bir işdir, çünki bizim Borçalı bölgəsində yaşayan qardaş və müdrik azərbaycanlılar Gürcüstanın müstəqilliyini əziz tuturlar. Məhz buna görə də Borçalı ölkəmizdə hər cəhətdən ən sabit bir bölgədir.
Qubernator dövlətlərimizin başçıları Heydər Əliyevin və Eduard Şevardnadzenin şəxsi dostluğunu və Gürcüstan-Azərbaycan əlaqələrinin bu dostluq əsasında daim möhkəmləndiyini vurğuladı.
Cənab Mamaladze Azərbaycanın Gürcüstana, Gürcüstanın da Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi barədə uydurmaları da tam qətiyyətlə təkzib etdi. O, dedi ki, bütün beynəlxalq forumlarda bir-birinin dövlət müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyan və strateji tərəfdaşlar olaraq, taleyüklü hər bir məsələdə eyni mövqedən çıxış edən dost ölkələr arasında belə şeylərin olduğunu söyləmək cəfəngiyyatdan başqa bir şey deyildir.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Rustavi