GÜRCÜSTAN PARLAMENTİ İLƏ XİN-İN QARŞIDURMASI QANUNVERİCİ ORQANIN QƏLƏBƏSİ İLƏ BAŞA ÇATDI
Oktyabrın 19-da, demək olar, bütün gün ərzində Prezident Mixail Saakaşvili, parlamentin sədri Nino Burcanadze və Baş nazir Zurab Noğaideli məsləhətləşdikdən, prezidentin parlament əksəriyyətinin nümayəndələri ilə iki dəfə görüşündən sonra Fransa əsilli Salome Zurabişvilinin vəzifəsində qalıb-qalmaması məsələsi həll edilmişdir. Gecə Z.Noğaideli jurnalistlərə xarici işlər nazirinin vəzifəsindən azad edildiyini bildirmişdir.
Salome Zurabişvili isə bəyanat vermiş, tərəfdarlarını oktyabrın 20-də beş dəqiqəliyə Tbilisi cıdır meydanına dəvət etmişdir. Sabiq nazir demişdir: “Mən inqilaba çağırmıram. 5 dəqiqəliyə küçəyə çıxmanızı xahiş edirəm. Biz ölkəni bu iblislərə verə bilmərik. İnanmayın, yəqin inanmırsınız da, qarşıdurma mənim parlamentə getmədiyimə görə baş verdi. Bunun hamısı əvvəlcədən planlaşdırılmışdı. Nazir təyin olunduğum gündən mənim qarşıma minalar düzməyə başladılar. Olsun ki, bu adamlar gürcücə məndən yaxşı danışırlar, Gürcüstanda anadan olmuşlar. Ancaq onlar canı-qanı ilə gürcü deyillər. Ağır vəziyyət yaranmışdır. Böhrandan çıxmağın yalnız bir yolu var - Prezident parlamenti buraxmalı, növbədənkənar seçkilər keçirilməlidir”.
Prezident Mixail Saakaşvili Milli Təhlükəsizlik Şurasının katibi Gela Bejuaşvilini oktyabrın 20-də xarici işlər naziri təyin etmiş, onu bu vəzifədə Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Qriqol Katamadzenin əvəz edəcəyi ehtimal olunur.
Xatırladaq ki, S.Zurabişvili Fransanın Gürcüstanda səfiri idi. M.Saakaşvili hakimiyyətə gəldikdən sonra ona Gürcüstan vətəndaşlığı vermiş və xarici işlər naziri təyin etmişdir.