SİYASƏT
Gürcüstan patriarx katolikosu: Azərbaycan öz multikultural dəyərləri ilə tanınır
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan öz multikultural dəyərləri ilə tanınır.
AZƏRTAC xəbər verir ki, bu sözlər Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin açılış mərasimində səsləndirilən Gürcüstan patriarx katolikosu II İlyanın müraciətində yer alıb.
Müraciətdə, həmçinin qeyd olunub: “Dini liderlər aktual məsələlərin müzakirəsi üçün toplaşıblar. İqlim dəyişiklikləri bəşəriyyət üçün ən böyük problemə çevrilib. Hər kəs bunu şüurlu şəkildə dərk etməlidir. İqlim dəyişikliyindən danışarkən qlobal müharibələrdən bəhs etməmək mümkün deyil. Bu gün bizim hər birimiz bu təhlükələrlə üz-üzəyik. Dünya böyük bir evə çevrilib, bu evdə münaqişələr var. Bu, qlobal təhlükəsizliyə də təsirini göstərir. Biz hərbi qarşıdurmaların qarşısını almaq üçün xeyli müzakirələr aparmalıyıq. Ədalət yoxdursa, problemləri həll edə bilməyəcəyik. Bu, Allahın qarşımıza qoyduğu qanunlardır. Lakin real addımların atılması dövlət başçılarından asılıdır. Ümid edirəm ki, bu Sammit uğurlu olacaq və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək”.