Gürcüstanda keçən ilin 11 ayında 5,9 faiz iqtisadi geriləmə qeydə alınıb
Tbilisi, 4 yanvar, AZƏRTAC
Hesablamalara görə, 2020-ci ilin noyabr ayında Gürcüstan iqtisadiyyatında 7,7 faiz geriləmə qeydə alınıb. Keçən ilin 11 ayında isə iqtisadi geriləmə 5,9 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin icraçı direktoru Qoqita Todradze deyib.
Onun sözlərinə görə, iqtisadiyyatın geriləməsinə baxmayaraq, sənaye malları istehsalı, maliyyə, informasiya və kommunikasiya, su, kanalizasiya və tullantı istehsalı sahələrində artım müşahidə olunub. Digər sahələrdə, xüsusən də əlavə dəyər vergisi (ƏDV) ödəyən müəssisələrdə, eləcə də tikinti-inşaat, nəqliyyat və anbar, mehmanxana, restoran, incəsənət, əyləncə, istirahət və ticarət sahələrində ixtisarlar və geriləmə qeydə alınıb.
İcraçı direktor deyib ki, keçən ilin noyabr ayında məhsul ixracı 13,4 faiz, idxalın həcmi isə 12,1 faiz azalıb. İlin 11 ayında isə xarici ticarətdə ixracın həcmi 11,3 faiz, idxalın həcmi isə 16 faiz azalıb. Noyabrda ölkədə 3450 yeni müəssisə qeydiyyata alınıb ki, bu da 2019-cu ilin noyabr ayı ilə müqayisədə 11,4 faiz azdır. ƏDV ödəyən müəssisələrin büdcə ödəmələri göstərir ki, onların da iqtisadi artımı 4,2 faiz azalaraq 7,3 milyard lari təşkil edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi