DÜNYA
Gürcüstanda koronavirusa qarşı kütləvi vaksinasiyası iyul ayında başlayacaq

Tbilisi, 30 mart, AZƏRTAC
Gürcüstanda insanların koronavirusa qarşı kütləvi vaksinasiyası iyul ayında başlayacaq. Buna qədər ölkədə peyvəndlə bağlı informasiya kampaniyası genişləndiriləcək və digər maarifləndirici tədbirlər görüləcək.
Bundan başqa, vaksin istehsal edən müxtəlif şirkətlərlə danışıqlar davam etdiriləcək və il ərzində ölkəyə bir neçə növ vaksin gətiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, Gürcüstan təkcə Çin vaksini ilə kifayətlənməyəcək. Artıq Amerika istehsalı olan “Novavaks” vaksinin alınması ilə bağlı müqavilə hazırdır. Hazırda bir milyon doza “Novavaks” vaksininin alınması istiqamətində danışıqlar davam edir.
Gürcüstan hökuməti digər qabaqcıl ölkələrin vaksinindən də almaq niyyətindədir.
Bildirilib ki, Gürcüstanın Çindən aldığı vaksinin ilk partiyası bu həftənin sonunadək ölkəyə gətiriləcək.
Çindən ümumilikdə 100 min doza vaksin alınması nəzərdə tutulub.
Qeyd edək ki, Gürcüstan artıq 43 min 200 doza “AstraZeneca” və 30 min doza “Pfizer” peyvəndi alıb.
Ölkənin Axaltsixi bölgəsindən olan 27 yaşlı tibb bacısı Meqi Bakradzenin “AstraZeneca” peyvəndindən sonra ölməsi əhali arasında narahatlığa səbəb olub.
Bunun nəticəsidir ki, martın 15-dən başlanan vaksinasiya nəticəsində 5000 nəfərə yaxın insan peyvənd olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi