Gürcüstanın Baş naziri müsəlmanlar üçün iftar mərasimi təşkil edib
Tbilisi, 20 aprel, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkədə yaşayan müsəlmanlar üçün iftar mərasimi təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın səfiri Faiq Quliyev, icra, qanunvericilik və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Baş nazir müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Bildirib ki, Ramazan haqqa qayıdış, paklıq, xeyirxahlıq və insanpərvərlik ayıdır.
İ.Qaribaşvili deyib ki, Gürcüstan tarixən dinc, dini birgəyaşayış ölkəsi və tolerantlıq mərkəzidir. Gürcüstan vətəndaşları fərqli inanc, din və millətə mənsub olmalarına baxmayaraq, ölkəmizin inkişafı naminə birləşərək birgə xidmətlər göstərirlər. Bizim çoxkonfensiyalı və çoxmillətli dövlətimiz var. Tarix boyu vətəndaşlarımız din və vicdan azadlığına söykənərək bərabər, qarşılıqlı hörmət və tolerantlıq mühitində birgə yaşayıblar. Bu vəziyyət bu gün də davam edir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Şərqi Gürcüstanın müftisi Etibar Eminov çıxış edərək Ramazan ayı münasibətilə müsəlmanlara göstərilən diqqətə və qayğıya görə Baş nazirə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda ölkənin rifahı, ərazi bütövlüyü, xoş gələcəyi üçün dua edilib, dünyaya sülh, əmin-amanlıq arzuları ifadə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi