GÜRCÜSTANIN SVANETİ BÖLGƏSİNDƏ VƏZİYYƏT GƏRGİNDİR
Gürcüstan rəsmiləri əhalini bu avantüraya uymamağa çağırır və vəziyyətin tezliklə qaydaya salınacağını vurğulayırlar. Prezident Mixail Saakaşvili ölkənin təhlükəsizliyi naminə iqtidarın hər cür addım atmağa hazır olduğunu, bütün xainlərə müvafiq cavab veriləcəyini, Gürcüstan üçün təhlükə törətməyə cəhd edənlərin cəzalandırılacağını demişdir.
Parlamentin sədri Nino Burcanadze E.Kvitsianinin bəyanatları ilə əlaqədar Kodori dərəsində polis əməliyyatı keçiriləcəyini istisna etmir. Baş nazir Zurab Noğaideli iyulun 25-də Brüsselə səfərindən əvvəl jurnalistlərə bildirmişdir ki, E.Kvitsiani ilə danışıqlar onların hamısı tərksilah olunduqdan sonra aparıla bilər. Parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri Givi Tarqamadzenin fikrincə, Gürcüstan parlamentinin Rusiya sülhməramlılarının ölkə ərazisindəki münaqişə bölgələrindən çıxarılmasına dair qərar qəbul etdiyi bir zamanda E.Kvitsianinin bu hərəkəti çox şeydən xəbər verir.
E.Kvitsiani iqtidara tabe olmaqdan və silahı yerə qoymaqdan imtina edir. O, jurnalistlərə demişdir: “Bizə məlum olduğuna görə, iyulun 27-də dərədə xüsusi əməliyyat aparmalıdırlar. Mən və silahdaşlarım heç bir silahlı şəxsə buraya gəlməyə imkan verməyəcəyik. Əgər üstümüzə silahla gəlsələr, onları silahla qarşılayacağıq, yox, əgər silahsız gəlsələr, qonaqpərvərliklə qəbul edəcəyik”.
Svaneti əhalisi isə iqtidardan məsələnin dialoq yolu ilə nizama salınmasını, güc tətbiq olunmamasını xahiş edir.
Xatırladaq ki, Kodori dərəsinin yuxarı hissəsi Abxaziyanın yeganə bölgəsidir ki, bura 1992-1993-cü illərin silahlı münaqişəsindən sonra Tbilisinin nəzarətindədir. Bölgədə 4 minədək gürcü yaşayır. Hazırda Kvitsianinin başçılıq etdiyi “Monadire” (“Ovçu”) dəstəsi 1998-ci ildə Gürcüstan Müdafiə Nazirliyinin dəstəyi ilə yaradılmışdır və onun sıralarında 1000-dək adam var. Keçən il nazirlik onu ləğv etməyi qərara alsa da, indiyədək bu istiqamətdə heç bir əməli iş görülməmişdir.