HAKİMLƏR AZƏRBAYCAN PREZİDENTİNİN FƏRMANINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏRİ MÜZAKİRƏ ETMİŞLƏR
Ümumi Məhkəmə Hakimləri Assosiasiyası İctimai Birliyinin sədri, Nəsimi Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov hər iki qurumun yaranma tarixindən, ötən müddətdə görülmüş işlərdən söz açmış, son zamanlar assosiasiyalara üzv olmaq istəyənlərin sayının artdığını qeyd etmişdir. Bildirmişdir ki, tədbir ölkəmizin Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı 2006-cı il 19 yanvar tarixli Fərmanından irəli gələn vəzifələrə həsr olunmuşdur. O, məlumat vermişdir ki, fevralın 2-də Məhkəmə-Hüquq Şurasının geniş iclasında da bu məsələ müzakirə edilmişdir.
Natiq 1995-ci il Konstitusiyası qəbul edildikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə islahatlarını, xüsusilə islahatın ilkin mərhələsində atılmış mühüm addımlar nəticəsində müvafiq qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılmasını, üçpilləli yeni məhkəmə sisteminin təsis olunmasını, ölkənin tarixində ilk dəfə olaraq hakimlərin işə test üsulu ilə qəbul edilməsini xatırlatmış və vurğulamışdır ki, cəmiyyətimizin iqtisadi və sosial həyatının sürətli inkişafı məhkəmə sisteminin təkmilləşdirilməsi işini daim gündəmdə saxlayır. Bununla əlaqədar məhkəmə islahatı davam etdirilərək yeni mərhələyə keçmiş, son iki ildə Azərbaycan Prezidentinin təşəbbüsü ilə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş vermişdir.
Ələddin Cəfərov məhkəmə sisteminin müasirləşdirilməsinin növbəti mərhələsində qarşıda duran vəzifələri də diqqətə çatdırmış, Prezident Fərmanına əsasən, yeni məhkəmələrin yaradılmasının əhəmiyyətini vurğulamışdır.
İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının sədri Sayad xanım Bəktaşi yeni məhkəmələrin regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsində mühüm rol oynayacağına əmin olduğunu bildirmişdir. Onun sözlərinə görə, bu məhkəmələr vətəndaşların narazılığına səbəb olan sui-istifadə, süründürməçilik hallarının və digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun və işinin daha optimal şəkildə qurulması işində mühüm rol oynayacaqdır və hakimlər öz işlərini məhz bu tələblər səviyyəsində qurmalıdırlar.
Ali Məhkəmənin hakimi, Ümumi Məhkəmə Hakimləri Assosiasiyası idarə heyətinin üzvü Rafiq Məmmədov, respublika Baş Prokurorluğunun şöbə müdiri Kamran Əliyev, Ağır Cinayətlərə dair İşlər üzrə Respublika Hərbi Məhkəməsinin sədri İkram Kərimov, İqtisad Məhkəməsi sədrinin vəzifəsini icra edən Sərvət Hüseynov, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin sədri Nizami Hümbətov, Kəpəz Rayon Məhkəməsinin sədri Həsən İsmayılov, Sumqayıt Hərbi Məhkəməsinin sədri İslam Nemanov, Əzizbəyov Rayon Məhkəməsinin hakimi Araz Kazımov dəyirmi masada çıxış etmişlər. Onlar müxtəlif məhkəmələrin ərazi yurisdiksiyasının müəyyənləşdirilməsi, hakimlərin və vəkillərin sayının artırılması, hakimlərin peşə səviyyəsinin yüksəldilməsi, onların hazırlığının təkmilləşdirilməsi, belə dəyirmi masaların hər dəfə bir məhkəmədə keçirilməsi, əhalinin maarifləndirilməsi üçün hüquq universitetlərinin bərpası barədə təkliflərini söyləmiş, Prezident Fərmanında qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetiriləcəyinə inamlarını ifadə etmiş, məhkəmə korpusuna, onun formalaşmasına müntəzəm qayğı və diqqətə görə dövlətimizin başçısına, Məhkəmə-Hüquq Şurasına minnətdarlıqlarını bildirmişlər.
Çıxışlarda hər bir hakimin hakim adını doğrultmağa borclu olduğu xüsusi vurğulanmışdır.
Suraxanı Rayon Məhkəməsinin hakimi B.İbayevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təcrübəsinin tətbiqi, Sabunçu Rayon Məhkəməsinin hakimi İ.Əsədovun Mülki Məcəllənin 228-ci maddəsi barədə məruzələri geniş diskussiya doğurmuşdur.
Ələddin Cəfərov dəyirmi masaya yekun vurmuşdur.