HAKİMLİYƏ NAMİZƏDLƏR XARİCİ TƏCRÜBƏNİ ÖYRƏNİRLƏR
Azərbaycan Ədliyyə Nazirliyinin Avropa Ümumi Hüquq Mərkəzi ilə ölkəmizdə birgə həyata keçirdiyi qanunun aliliyi üzrə hüquqşünasların tədrisi və hüquq islahatlarına dəstək layihəsi çərçivəsində iyunun 27-də növbəti belə görüş olmuşdur. Yunanıstanın birinci instansiya inzibati məhkəməsinin sədri xanım A.Papapanagiotou və mərkəzin əməkdaşı xanım E.Liristi nazirliyin hüquq tədris mərkəzində hakimliyə namizədlər qarşısında müasir cəmiyyətdə hakimlərin müstəqilliyinə dair mühazirələrlə çıxış etmişlər.
Tədbirdən sonra xarici ekspertlər ədliyyə nazirinin müavini, Avropa Ümumi Hüquq Mərkəzi Direktorlar Şurasının üzvü Toğrul Musayevlə görüşmüşlər. Layihənin uğurla həyata keçirildiyini vurğulayan nazir müavini, bu işdə mərkəzin direktoru, professor S.Floqaitisin fəal rolunu qeyd etmişdir. O, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 19 yanvar tarixli Fərmanının icrası üzrə həyata keçirilən konkret tədbirlər barədə ətraflı məlumat vermiş, əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Qonaqlar Azərbaycanda məhkəmə islahatı sahəsində görülən işlərə böyük maraq göstərərək, hakimliyə namizədlərin tədrisində iştirak etdiklərinə görə məmnun olduqlarını bildirmiş, Avropa Ümumi Hüquq Mərkəzinin rəhbərliyi adından Direktorlar Şurasının bu ilin sentyabrında keçiriləcək növbəti yığıncağına dəvəti nazir müavininə çatdırmışlar Yunanıstanlı mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri qarşısında mühazirə ilə çıxış etmişlər.