Hanoyda Ulu Öndərə həsr olunan “Xalqların taleyində liderlərin rolu” mövzusunda tədbir keçirilib
Hanoy, 8 may, AZƏRTAC
Azərbaycanın Vyetnamdakı səfirliyi və Hanoyda fəaliyyət göstərən Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Xalqların taleyində liderlərin rolu” mövzusunda tədbir keçirilib.
Vyetnamın bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin, gənc tədqiqatçıların və media nümayəndələrinin iştirak etdikləri tədbirdə səfirliyin 2-ci katibi Vasif Bədəlov sovet dövründə və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi zaman qazanılmış uğurlar, Vyetnamın neft sənayesinin yaradılmasında Azərbaycan mütəxəssislərinin rolu, o cümlədən bu sahədə kadrların hazırlanması üçün Vyetnamdan olan tələbələrin Bakıda təhsil almalarından danışıb.
Diplomat müstəqilliyin ilk illərində xalımızın üzləşdiyi çətinliklər, o cümlədən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması və dövlətimizin möhkəmlənməsi istiqamətində atdığı addımlar haqqında məlumat verib. Qeyd edilib ki, məhz Heydər Əliyevin güclü iradəsi və səyi nəticəsində 1994-cü ildə dünyanın nəhəng neft şirkətlərinin ölkəmizə sərmayə yatırmasına nail olunub və “Əsrin müqaviləsi” imzalanıb.
V.Bədəlov xalqların taleyində liderlərin rolundan danışarkən, Vyetnam Kommunist Partiyasının birinci katibi, Vyetnam xalqının lideri Xo Şi Minin 1959-cu ildə Azərbaycana, 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyevin Vyetnama səfərinin iki ölkə arasında əlaqələrin əsasını qoyduğu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin ötən ilin mayında Vyetnama rəsmi səfəri əlaqələrimizin daha da inkişafına töhfə verib. Hazırda dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın regionda müasir, güclü dövlətə çevrilərək sürətlə inkişaf etdiyi vurğulanıb.
Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyəti barədə film nümayiş etdirilib və onun 1983-cü ildə Vyetnama səfərini əks etdirən fotosərgi təşkil olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy