Hava şəraitinin yağıntılı keçməsi nəticəsində respublikanın bəzi çaylarında sululuq artıb
Bakı, 25 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində hava şəraitinin yağıntılı keçməsi nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 160-260, Lənkəran-Astara zonası çaylarında 130-150, Naxçıvan Muxtar Respublikası çaylarında isə 230 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, dekabrın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 223 kubmetr olmaqla ongünlük normanın 153 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 175 kubmetr olmaqla ongünlük normanın 120 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 51 kubmetr olmaqla ongünlük normanın 70 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 67,5 kubmetr təşkil edərək ongünlük normanın 93 faizinə bərabər olub.
Dekabrın 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 9, Bankədə 7 santimetr artım, Surrada 4, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 398 (2016-cı il dekabrın 25-də 481 sm), Şirvanda 277, (2016-cı il dekabrın 25-də 401 sm), Salyanda 232 (2016-cı il dekabrın 25-də 347 sm), Bankədə 211 (2016-cı il dekabrın 25-də 253 sm), Araz çayının Novruzlu məntəqəsində isə 148 santimetr (2016-cı il dekabrın 25-də 203 sm) təşkil edir.