Havanı çirkləndirən zavodun rəhbəri cəzalandırılıb
Bakı, 28 fevral, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Biləsuvar-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində fəaliyyət göstərən 45 nömrəli Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus asfalt-beton zavodundan havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.
Xidmət rəisi Hikmət Əlizadə AZƏRTAC-a bildirib ki, araşdırma zamanı zavodda havaya atılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurğunun olmasına baxmayaraq, onlardan istifadə edilmədiyi məlum olub: “Faktla bağlı zavodun direktoru Qədir Əskərov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3 min 500 manat məbləğində cərimələnib. Nöqsanların qısa zamanda aradan qaldırılması üçün zavodun rəhbərliyinə məcburi göstəriş verilib”.