Həmvətənimizin kitabında Dağlıq Qarabağ ətrafında hadisələr ilk dəfə kompleks şəkildə təhlil edilib
Berlin, 14 may, AZƏRTAC
Bu günlərdə çapdan çıxmış kitabda Dağlıq Qarabağ ətrafında yaranmış münaqişə beynəlxalq hüquq normaları mövqeyindən təhlil edilib. Kitabın müəllifi həmvətənimiz Vahid Əliyev bu əsəri London Universitet Kollecində magistraturada oxuduğu dövrdə yazıb.
Kitabın əsasını hərbi münaqişələrdə beynəlxalq hüquq sahəsində aparıcı ekspert, britaniyalı professor Rocer O’Kifin (Roger O’Keefe), rəhbərliyi altında aparılmış tədqiqat işi təşkil edir.
Bu kitabın əlamətdar cəhəti ondan ibarətdir ki, burada Azərbaycanın ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmək hüququ, tanınmamış, qondarma “dağlıq qarabağ respublikası”nda (“dqr”) qanunsuz keçirilmiş referendumun qeyri-legitimliyi və Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi kimi məsələlərə toxunulub. Müəllif Azərbaycan Respublikasının vətəndaşları olan və tanınmamış “dqr”də yaşayan insanlara Ermənistan pasportları verilməsi, beləliklə beynəlxalq hüququn kobud şəkildə pozulması faktına xüsusi diqqət yetirib.
Avropa İnsan Haqları Məhkəməsinin bu yaxınlarda “Çıraqov və başqaları Ermənistana qarşı” (Chiragov and Others v. Armenia) işi üzrə çıxardığı qərar da Azərbaycan üçün beynəlxalq hüquq baxımından böyük əhəmiyyət kəsb edir. Müəllif Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin tərəfi kimi təyin edən bu qərara hüquqi baxımdan qiymət verir və münaqişənin beynəlxalq xarakter daşıdığını göstərir. Xatırladaq ki, son iki məsələ indiyə qədər lazımınca öyrənilməyib.
Müəllif bu kitab üzərində işləyərkən xarici tədqiqatçıların işlərindən istifadə edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin