Həndbol üzrə XXV Azərbaycan çempionatına hazırlıq məsələləri müzakirə olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Həndbol Federasiyasında (AHF) idmanın bu növü üzrə XXV Azərbaycan çempionatına hazırlıqla bağlı tədbir keçirilib.
AHF-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə federasiya nümayəndələri, məşqçilər, idmançılar iştirak ediblər.
Çempionatla bağlı videoçarxın nümayişindən sonra AHF-in birinci vitse-prezidenti Orxan Abbasov çıxış edərək son illər idman sahəsində, xüsusilə həndbolda qazanılan uğurlardan danışıb. O.Abbasov qeyd edib ki, əldə olunan nailiyyətlər Prezident İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir. Vitse-prezident həndbol həvəskarlarını maraqlı çempionatın gözlədiyini bildirib. O, çempionatın açılış mərasiminin oktyabrın 7-də keçiriləcəyini, yarışların mayın əvvəllərinə qədər davam edəcəyini vurğulayıb. Oyunlar təkcə paytaxt Bakıda deyil, bölgələrdə də təşkil olunacaq. Əvvəlki illərdən fərqli olaraq yubiley çempionatda komanda üzvləri və məşqçilərə lisenziyalar veriləcək.
AHF-in baş katibi Yusif Atakişiyev çıxış edərək apelyasiya komissiyası, lisenziyalar haqqında məlumat verib. Qeyd edib ki, çempionat dörd dövrədən ibarət olacaq və hər dövrədə beş oyun keçiriləcək. Cari ildəki ölkə birinciliyində oyunların sayı əvvəlki illərdən fərqli olaraq artırılıb. Eyni zamanda, həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışlar keçiriləcək. Ölkə kuboku yarışları iki mərhələdən ibarət olacaq. Birinci mərhələnin dekabrda başlanması, ikinci mərhələnin isə mart-aprel aylarında keçirilməsi nəzərdə tutulub. Həmçinin mayın 9-dan 12-dək ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan həndbol turnirinin keçirilməsi planlaşdırılır. Yarışda yerli komandalarla yanaşı, digər ölkə klublarının da iştirakı gözlənilir.
AHF-in idman şöbəsinin rəhbəri İsgəndər Əsgərov çempionatın reqlamenti, qaydalar, oyun cədvəli haqqında məlumat verib, sualları cavablandırıb.
Tədbirin sonunda yarışların püşkü atılıb.