HESABLAMA PALATALARI SƏDRLƏRİNİN BİRGƏ MƏTBUAT KONFRANSI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Namiq Nəsrullayev mətbuat konfransını açaraq, hər iki palatanın qarşılıqlı münasibətlərindən, bu münasibətlərin sıx əməkdaşlığa çevrilməsindən, budəfəki görüş zamanı müzakirə olunan məsələlərdən danışmışdır.
Sergey Stepaşin azərbaycanlı həmkarları ilə münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə etmiş, ötən müddətdə həyata keçirilmiş birgə nəzarət tədbirləri, Bakıya indiki səfəri çərçivəsindəki görüşləri, o cümlədən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü, bundan sonra müzakirə ediləcək məsələlər haqqında məlumat vermişdir. Qonaq bildirmişdir ki, hər iki palatanın iştirakı ilə ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın dərin təhlilinə həsr olunmuş analitik material hazırlanacaqdır. Bu ideyanı yaradılacaq birgə işçi qrupu həyata keçirəcəkdir və o, demək olar, bütün Avropa məkanında ilk belə təcrübə olacaqdır.
S.Stepaşin başçılıq etdiyi qurumun həyata keçirdiyi bir sıra yoxlamaları xatırlatmış, işin təşkilində elmi əsaslara üstünlük verdiklərini vurğulamışdır.
Sonra hər iki sədr jurnalistləri maraqlandıran suallara cavab vermişlər.