Həsirçi: Uşaqların bu sənətə maraq göstərməsi məni çox sevindirir VİDEO
Lənkəran, 28 noyabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda həsirçilik sənəti əsrlərdir yaşayır və bölgənin ən qədim el sənətlərindən biri kimi bu gün də öz aktuallığını qoruyur. Cənub bölgəsinin rütubətli iqlimi həsir məmulatlarına tələbatı artırdığından, bu sənət ailələr arasında nəsildən-nəslə ötürülərək yaşadılıb. Həsir toxumaq təkcə qadınların deyil, həm də kişilərin məşğul olduğu sənət növüdür. Bu, həm məişət üçün vacib əşya hazırlamaq, həm də ailə büdcəsinə dəstək olmaq baxımından mühüm əhəmiyyət daşıyıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uzun illərdir həsirçiliklə məşğul olan Rəvanə Sadiqova bu sahədə böyük təcrübəyə malikdir. O, bu qədim sənətin yaddaşlardan silinməməsi və gələcək nəsillərə ötürülməsi üçün Lənkəran şəhər M.Kələntərli adına yaradıcılıq klubunda xüsusi dərnəklər təşkil edib. Rəvanə müəllimə hesab edir ki, həsirçilik təkcə bir məşğuliyyət deyil, həm də xalqın mədəni irsinin bir parçasıdır və bu irsi qorumaq hər bir sənətkarın borcudur.
“Bizim cənub bölgəsi rütubətli olur, ona görə də həsir məmulatlarına hər zaman ehtiyac var. Əvvəllər demək olar ki, hər evdə həsirdən hazırlanmış bir əşya tapmaq mümkün idi. İllər keçdikcə sənət unudulmağa başladı. Mən buna biganə qala bilmədim. Fikirləşdim ki, dədə-baba sənətimiz itib-batmasın, yaşasın. Elə bu məqsədlə də dərnək yaratmaq qərarına gəldim. Dərnəyimdə əsasən azyaşlı qızlar məşğul olur. Onlara həsir toxumağın bütün incəliklərini öyrədirəm: materialın hazırlanmasından tutmuş, müxtəlif məmulatların toxunmasına qədər. Uşaqların bu sənətə maraq göstərməsi məni çox sevindirir. Onlara baxanda öz uşaqlığımı xatırlayıram. Dərnəyimizdə hazırda 10-a yaxın şagird var və hamısı bu işin sirlərini böyük həvəslə mənimsəyir” , - deyə Rəvanə müəllimə bildirir.
Şagirdlər dərnəkdə həsir toxumanın ilkin qaydalarını, xammalın seçilməsi və hazırlanması prosesini, eləcə də müxtəlif çeşidli həsir məmulatlarının toxunma texnikasını öyrənirlər. Onlar yalnız texniki bacarıq qazanmır, həm də bu sənətin tarixi və mədəni əhəmiyyəti ilə yaxından tanış olurlar. Rəvanə müəllimə qeyd edir ki, bu dərnəyin əsas məqsədi gənclərdə milli sənətə sevgi yaratmaq və unudulmaqda olan ənənəni yenidən canlandırmaqdır.
“Mənim üçün həsirçilik təkcə peşə deyil, həm də mədəniyyətimizdir, tariximizdir, evimizin ab-havasıdır. Uşaqların əlindən müxtəlif səbətlər, altlıqlar, kiçik məişət əşyaları çıxanda çox fərəhlənirəm. Hər işin üzərinə sevgi ilə gedirlər. Onların bu sənəti davam etdirəcəyinə inanıram” , - deyə o əlavə edir.
Hazırda dərnəkdə 10-a yaxın şagird fəal şəkildə təlim prosesinə qatılır. Onların hazırladıqları həsir məmulatları — səbətlər, altlıqlar, oturacaqlar və digər məişət əşyaları həm məktəbdə, həm də müxtəlif sərgilərdə nümayiş etdirilir. Bu da uşaqlarda yaradıcı inamı və öz sənətlərinə məsuliyyəti artırır.
Rəvanə Sadiqova gələcək planlarından danışarkən bildirir ki, məqsədi dərnəyin fəaliyyətini daha da genişləndirmək, yeni qruplar açmaq və həsirçilik sənətini daha çox insana çatdırmaqdır. O ümid edir ki, gələcəkdə bu sənətlə məşğul olanların sayı artacaq və Lənkəran həsirçiliyi təkcə bölgədə deyil, ölkənin digər bölgələrində də tanınacaq: “Gələcək planlarım böyükdür. İstəyirəm dərnəyimizi genişləndirim, daha çox uşaq bu sənətlə tanış olsun. Həsirçilik yenidən əvvəlki şöhrətinə qayıtsın. Əlimdən nə gəlirsə, edəcəyəm ki, bu qədim sənət yaşayaraq gələcək nəsillərə çatsın”.