Həştərxan sahibkarları Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan-Rusiya İşgüzar Şurası və Həştərxan vilayəti Sənaye və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın və Həştərxan vilayətinin iş adamları arasında videokonfrans formatında görüş keçirilib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan və Rusiya şirkətlərinin, iri ticarət şəbəkələrinin nümayəndələrinin iştirak etdiyi görüşdə kənd təsərrüfatı, balıq sənayesi, gəmiqayırma, tikinti, metallurgiya, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Azərbaycan-Rusiya İşgüzar Şurasının idarə heyətinin sədri Səməd Qurbanov ölkəmizin dövlətçilik tarixində mühüm hadisə - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini vurğulayıb, münaqişənin tənzimlənməsi prosesində Rusiyanın rolunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində yeni infrastruktur və biznes layihələrinin həyata keçirilməsi ölkəmiz qarşısında duran əsas vəzifələrdəndir. Bu layihələrdə tərəfdaş ölkələrin şirkətlərinin iştirakı iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacaq.
Azərbaycan şirkətlərinin Həştərxan vilayətində investisiya layihələrinin həyata keçirilməsində fəallığını vurğulayan S.Qurbanov Azərbaycanın “KDY Logistics” şirkəti tərəfindən iri logistik terminalının yaradılması layihəsini qeyd edib. Bildirilib ki, Həştərxanda birgə sosial layihələr də həyata keçirilir. Bunlar arasında ulu öndər Heydər Əliyevin abidəsinin açılışı, şəhər bağçasının abadlaşdırılması, məktəbin yenidən qurulması, uşaq bağçasının tikilməsi və bir çox digər layihələr də var. Bütün bunlar Azərbaycan-Rusiya Federasiyasının Həştərxan vilayəti əlaqələrinin genişlənməsi, eyni zamanda, sahibkarlar arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, ticarət və investisiya sahələrində birgə layihələrinin həyata keçirilməsi istiqamətində mühüm rol oynayacaq.
Görüşdə Həştərxan vilayəti sənaye və təbii sərvətlər naziri Denis Afanasyev Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayıb. Son illərdə Həştərxanda Azərbaycanın iştirakı, ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə böyük layihələrin həyata keçirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, Həştərxan vilayətinin sahibkarları Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır və qarşılıqlı ticarət həcminin artırılması üçün böyük potensial var.
Videokonfrans çərçivəsində biznes dairələri arasında müxtəlif sahələrdə yeni əlaqələrin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.