Hətta nazirlik əməkdaşları da Ermənistandan qaçırlar
Amsterdam, 18 may (AZƏRTAC). “Əlillik perspektivli işçi qüvvəsi kimi” mövzusunda tədbirdə iştirak edən nümayəndə heyətinin tərkibində Hollandiyaya işgüzar səfər etmiş Ermənistan Əmək və Sosial Təminat Nazirliyinin əməkdaşı Suren Pivazyan gözlənilmədən yoxa çıxmışdır. Sonradan məlum olmuşdur ki, o, sadəcə batan gəmidən qaçan siçovullar kimi qaçıb gizlənmişdir. Bu zaman yada soyuq müharibə illərində sovet vətəndaşlarının geri qayıtmaması, artıq indiki dövrdə Şimali Koreya məmurlarının və idmançılarının qaçması düşür. Yuri Polyakovun “Kostya Qumankovun Paris sevgisi” adlı povestini də xatırlamaq yerinə düşər. Əsərdə komsomol fəalı, “Xalqların dostu” ləqəbli Sergey Albertoviçin “düşmən” düşərgəsinə - Fransaya səfər zamanı qaçmasından söhbət açılır. İndi də “Xalqların dostu” rolunda Ermənistan Əmək və Sosial Təminat Nazirliyinin əlillərin və ahılların məsələləri üzrə idarəsinin baş mütəxəssisi Suren Pivazyan çıxış edir. O, heç kimə heç nə demədən Ermənistana qayıtmamaq qərarına gəlmişdir. Yəqin ki, vecsiz vətənindən bezdiyi üçün...
Şübhəsiz ki, Pivazyan qaçışını əvvəlcədən planlaşdırmışdır. O, nümayəndə heyətinin rəhbərinə - əlillərin və ahılların məsələləri üzrə idarənin rəhbəri Artur Kesoyana məktub da ötürmüşdür. Pivazyan məktubda yazır ki, onun “sağlamlığı ilə əlaqədar problemləri vardır” və işdən azad olunmasını təklif etmişdir. Maraqlıdır, görəsən bu nə xəstəlikdir ki, erməni fərarisi bu barədə üz-üzə danışa bilmir, məktub vasitəsilə məlumat verməyi üstün tutur?
Ermənistan Əmək və Sosial Təminat Nazirliyi fərarinin cəzalandırılmasına icazə almaq üçün vətəndaşlıq xidməti Şurasına müraciət etmək niyyətindədir. Ancaq heç bu da Ermənistanın üstündən biabırçılıq ləkəsini silə bilməyəcəkdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Amsterdam