Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi olub
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda 2023-cü il üzrə məzun buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, 23-cü buraxılış mərasimi münasibətilə keçirilən tədbirdə Milli Müdafiə Universitetinin və hərbi institutun rəhbərliyi, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəxsi heyət, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyətin və KİV-in nümayəndələri iştirak ediblər.
Əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunaraq qarşısına qızılgüllər qoyulub. Ümummilli Liderin və Vətənimizin müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Mərasimdə hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib. Hərbi institutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.
Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev təntənəli mərasimdə çıxış edərək, əlamətdar gün münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar, xalqımıza, dövlətimizə, qalib Ordumuza və Ali Baş Komandanımıza layiqli zabit olmağı arzulayıb.
Həmçinin gənc zabitləri yaxınlaşmaqda olan 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. Vurğulanıb ki, Silahlı Qüvvələrimiz, həmçinin institut Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.
General-leytenant Heydər Piriyev çıxışında son illərdə ordu quruculuğunda aparılan islahatların müsbət nəticələrindən, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsindən, eləcə də sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açıb, hərbi institutun zabit və kursantlarının Vətən müharibəsində iştirakından danışıb.
Gənc zabitlər də onlara göstərilən etimadı doğruldacaqlarına, Vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz veriblər. Onlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra Heydər Əliyev adına Hərbi İnstitutu fərqlənmə ilə bitirənlərə diplomlar və hədiyyələr verilib.
Hərbi İnstitutun döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirildikdən sonra yaş kötüyünə rəmzlər vurulub.
Hərbi orkestrin və kursantların ifasında institutun marşı ifa edilib, şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi olub.