Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarıdır
Şamaxı, 20 mart, AZƏRTAC
Şamaxıda Heydər Əliyev Mərkəzinin və gənclərin inkişaf və karyera mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev dövrünə ziyarət” adlı tədbir keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun fəal gənclərinin qatıldığı tədbirin təşkilində məqsəd ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının təbliği olub. Karantin rejimi qaydalarına uyğun təşkil olunan tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz bir məktəbdir. Respublikamız hələ keçmiş sovetlər birliyinin tərkibində olduğu zaman Ümummilli Lider Azərbaycan üçün çox böyük işlər görüb. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövrdə ölkəmizdə həyat ritmi büsbütün dəyişib. Bu dahi insanın gərgin fəaliyyəti nəticəsində Azərbaycan geridə qalmış aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevrilib. İqtisadiyyatın bütün sahələrində, o cümlədən sənaye və kənd təsərrüfatında, elm, təhsil, mədəniyyət sahəsində böyük uğurlar əldə edilib. K.Eyvazova çıxışında vurğulayıb ki, məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyinin təməli qoyulub, milli ruh, azadlıq məfkurəsi yüksəlməyə başlayıb. Məhz Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı, müstəqil Azərbaycanın qurucusudur.
Sonra mərkəzin bələdçisi Şəhla İsmayılova gəncləri Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin eksponatların nümayiş olunduğu ekspozisiya zalı ilə tanış etdi. Mərkəzin kitabxana bölməsinin əməkdaşı Nuridə Qədirova Ulu Öndərin zəngin həyat və fəaliyyətinə həsr olunmuş kitablar haqqında məlumat verdi.
Sonda “Sən həmişə bizimləsən” sənədli filmi nümayiş olunub.