Heydər Əliyev Fondu humanizm missiyası ilə qardaş ölkənin harayına yetişdi
Bakı, 11 fevral, AZƏRTAC
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardımın davam etdirilməsi uzun illərin xoş ənənəsinin təzahürüdür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Aydın Hüseynov bildirib.
O qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardıma müxtəlif zəruri dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və digər tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar və sair daxil edilib. A.Hüseynov diqqətə çatdırıb ki, göstərilən və davam edən bu yardım zəlzələdən zərər çəkən insanlara ümid və inam vəd edir. Ən əsası odur ki, qardaş ölkə ictimaiyyəti Azərbaycanı öz yanında hiss edir. Bu həqiqət təbii fəlakətlə mübarizədə dövlətə, xalqa və eləcə də zərərçəkən insanlara mənəvi dayaqdır.
Türkiyənin qarşılaşdığı bu acının Azərbaycanda böyük mənəvi sarsıntı yaratdığını bildirən deputat deyib ki, Azərbaycan xalqı Çanaqqala savaşında, Sarıqamış hərəkatında olduğu kimi bu dəfə də öz qəlbinin hökmü ilə səfərbər olub.
“Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamı, sözün əsl mənasında, növbəti dəfə həyat gerçəyi olaraq özünü göstərir”, - deyən A.Hüseynov fikirlərini tamamlayıb.