MƏDƏNİYYƏT
“Heydər Əliyev İli” çərçivəsində Lodz şəhərində konsert proqramı təqdim olunub
Varşava, 25 yanvar, AZƏRTAC
2023-cü ilin “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü, Türkiyənin Polşadakı səfirliyi və Lodz şəhərindəki fəxri konsulluğunun dəstəyi ilə Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafov və ölkəmizin tanınmış gənc musiqiçilərindən olan, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadənin iştirakı ilə konsert proqramı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Qrajina və Keystut Batseviçlər adına Lodz Musiqi Akademiyasının konsert zalında baş tutan konsertdə azərbaycanlı, türk və polyak bəstəkarların əsərlərindən nümunələr səsləndirilib. Konsertdə Lodz şəhərinin akademik, incəsənət və biznes dairələrinin üzvləri və KİV nümayəndələri, həmçinin Azərbaycan və türk diasporlarının nümayəndələri iştirak ediblər.
Konsertdə çıxış edən səfir Nərgiz Qurbanova Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini qeyd edib. O, konsert proqramının ömrünü doğma vətəninə, xalqına xidmətə həsr etmiş Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin yüzillik yubileyinə həsr olunduğunu, onun 1990-cı illərin əvvəllərində Azərbaycan xalqını uğurla müstəqilliyə apardığını və müasir Azərbaycanın tərəqqi və çiçəklənmə yolu ilə inamla irəliləməsinin Heydər Əliyevin ömürlük missiyasının təntənəsi hesab olunduğunu söyləyib. N.Qurbanova Roma Papası, əslən polyak II İohan Pavelin dahi şəxsiyyət barədə sözlərini xatırladıb: “Müstəqil Azərbaycan Respublikası son bir neçə ildə görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə dünya birliyində öz layiqli yerini tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğunda aparılan bütün işləri, iqtisadi islahatların uğurla həyata keçirilməsini izləyir və dəstəkləyirəm”.
Səfir, həmçinin cari ildə Azərbaycan operasının 115 illiyinin qeyd olunduğu, Azərbaycanda opera sənətinin əsası 1908-ci ildə “Leyli və Məcnun” operası ilə qoyulduğu, bu operanın təkcə ölkəmizdə deyil, müsəlman Şərqində ilk opera olduğu barədə məlumat verib. Bu möhtəşəm sənət əsərinin müəllifinin Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyli olduğunu, onun Azərbaycan musiqisini Avropa kompozisiyalarının yeni janr və formaları ilə zənginləşdirdiyini, Azərbaycan və Şərq musiqisinin yeni estetik perspektivlərini açdığını bildirib. N.Qurbanova 2023-cü ildə, həmçinin dahi bəstəkarın ölümünün 75-ci ildönümünün qeyd edildiyini də əlavə edib.
Konsert proqramı barədə Polşanın TVP 3 kanalında reportaj yayımlanıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava