“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA KİTABXANA İŞİ” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Direktor Kərim Tahirov Milli kitabxananın qorunub saxlanmasında və inkişaf etdirilməsində, onun maddi-texniki bazasının möhkəmləndirilməsində, əsaslı təmir edilib oxucuların sərəncamına verilməsində ümummilli liderimizin əvəzsiz xidmətlərini vurğulamışdır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev 4 dəfə kitabxanada olmuş, problemləri ilə maraqlanmışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ulu öndərimizin anım gününün Azərbaycanın hər yerində geniş qeyd olunmasını ümumxalq məhəbbətinin daha bir təsdiqi kimi səciyyələndirmişdir. O bildirmişdir ki, nazirliyin fəaliyyətinin müasir tələblərə uyğun qurulması ilə bağlı Prezident İlham Əliyevin göstərişlərini rəhbər tutaraq, kitabxanalarda xidmət səviyyəsinin yüksəldilməsi də ciddi nəzarətə götürülmüşdür. Hazırda “Kitabxananın müasirləşdirilməsi” layihəsi uğurla həyata keçirilir.
Akademik Fuad Qasımzadə, BDU-nun rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov və başqaları tədbirdə çıxış edərək, müəllifi təbrik etmiş, ona yaradıcılıq uğurları arzulamışlar.
Vurğulanmışdır ki, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” kitabında Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsində Heydər Əliyevin əvəzsiz xidmətləri ümumiləşdirilmiş, elmi nəticələr çıxarılmışdır. Burada xalqımızın mədəni-mənəvi tərəqqisində və cəmiyyətin inkişafında kitabxanaların müstəsna əhəmiyyəti haqqında ulu öndərimizin fikirləri şərh olunmuş, XX əsrin ikinci yarısında respublikamızda kitabxana şəbəkəsinin, fondlarının inkişafı, maddi-texniki bazasının və kadr potensialının möhkəmləndirilməsi, onların mərkəzləşdirilməsi istiqamətindəki fəaliyyəti konkret faktlar əsasında təhlil edilmişdir.
Yeni nəşr kitabxana işçiləri, habelə mədəniyyət tarixi və ulu öndərimizin həyat və fəaliyyətinin öyrənilməsi ilə məşğul olan tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.