Heyvan xəstəliklərindən azad zonanın yaradılması beynəlxalq ekspertlərin iştirakı ilə müzakirə olunub
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da Qida Təhlükəsizliyi Agentliyində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Texniki Əməkdaşlıq Proqramı çərçivəsində FAO Baş Qərargahının ekspertləri Susanne Munstermann və Kamila Benfieldin ilə görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad elan olunması ilə əlaqədar görülən işlər, Azərbaycan hökuməti tərəfindən hazırlanan müvafiq sənədlərin tamamlanmasına texniki dəstəyin göstərilməsi və xəstəlikdən rəsmi azad ölkə statusunun əldə olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, xırdabuynuzlu heyvanların taun xəstəliyi FAO və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) 5 illik fəaliyyət planında göstərilən prioritet xəstəliklərdən biridir və 2030-cu ilə qədər dünyada həmin xəstəliyin ləğv olunması nəzərdə tutulur.
Son illərdə ölkəmizdə heyvan sağlamlığının təmin olunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verən Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva heyvan xəstəliklərindən azad zonanın yaradılması istiqamətində bir sıra zəruri işlərin görüldüyünü və hazırda bu sahədə müvafiq tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.
Görüşdə səfər çərçivəsində əməkdaşlıq proqramına uyğun həyata keçiriləcək tədbirlərin gündəliyi müzakirə olunub və mütəxəssislər tərəfindən beynəlxalq ekspertlərin sualları cavablandırılıb.