DÜNYA
Hindistanda COVID-19-a yoluxmada ən pis göstərici qeydə alınıb
Pekin, 17 sentyabr, AZƏRTAC
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 97 min 894 yeni yoluxma faktı qeydə alınıb. Bu rəqəm COVID-19 virusu Hindistanda yayılmağa başlayandan bəri gündəlik ən yüksək göstəricidir. Bu, həm də ötən gün ölkələr üzrə sutkalıq ən çox yoluxma halıdır.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 5 milyon 118 min 253 nəfərə çatıb. Ötən sutka ərzində ölkədə COVID-19 səbəbindən 1132 ölüm baş verib. Bununla Hindistanda pandemiya qurbanlarının sayı 83 min 198-ə çatıb. Nazirlik hazırda bir milyondan çox xəstənin müalicə aldığını açıqlayıb.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikincidir. Hindistanda virusa yoluxanların ümumi sayı iyulun 16-da 1 milyonu, avqustun 6-da 2 milyonu, avqustun 22-də 3 milyonu, sentyabrın 4-də 4 milyonu, sentyabrın 15-də isə 5 milyonu ötüb. Son 9 gündür ki, yoluxanların orta sutkalıq sayı 90 mindən çoxdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin