Hindistanda COVID-19-a yoluxmada yeni antirekord qeydə alınıb
Pekin, 9 aprel, AZƏRTAC
Hindistanda COVID-19 infeksiyasına gündəlik yoluxma sayında yeni antirekordlar qeydə alınıb.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ötən sutka virusa 131 min 968 yoluxma aşkarlanıb. Əvvəlki antirekord isə (126 min 315 nəfər) bir gün əvvəl qeydə alınıb. Bu, Hindistanda son həftə ərzində 100 mindən çox yoluxmanın aşkarlandığı 4-cü sutka, antirekordun qeydı alındığı ardıcıl 3-cü sutkadır. Ötən gün qeydə alınan yoluxma sayı həm də bütün ölkələr üzrə sutkalıq ən çox rəqəmdir.
Nazirlik ötən sutka virus səbəbindən 780 ölümün qeydə alındığını açıqlayıb. İndiyədək ölkədə 13 milyon 57 min yoluxma, 167 min 642 ölüm qeydə alınıb. Hazırda ölkədə bir milyona yaxın xəstə var.
Pandemiyanın 3-cü dalğasının müşahidə olunduğu Hindistanda yoluxmalar ən çox Maharaştra ştatında aşkarlanıb. Həmin ştatda, paytaxt Dehlidə və bir neçə regionda karantin tədbirləri sərtləşdirilib. Yeni məhdudiyyətlərə əsasən, komendant saatı, istirahət günlərində isə tam qapanma tətbiq olunur.
Hindistanda COVID-19 virusuna qarşı vaksinasiya da davam edir. Əsas siyasi müxalifət olan Konqres Partiyasının lideri Rahul Qandi əhalinin vaksinasiyasının sürətləndirilməsi üçün ölkənin baş naziri Narendra Modiyə müraciət ünvanlayaraq, yoluxmaların çox olduğu şəraitdə peyvəndlərin daxili istifadədən daha çox miqdarda xaricə ixracının aydın səbəbləri olmadığını bildirib.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ və Braziliyadan sonra üçüncüdür. Hindistanda virusa yoluxanların ümumi sayı ötən il iyulun 16-da 1 milyonu, dekabrın 18-də isə 10 milyonu ötüb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin