Honkonqda "omikron" ştamına 2 yoluxma qeydə alınıb
Pekin, 30 noyabr, AZƏRTAC
Çinin Honkonq xüsusi inzibati ərazisinə xaricdən gələn 2 nəfərin COVID-19 virusunun "omikron" ştamına yoluxması aşkarlanıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, daha təhlükəli ştam kimi qiymətləndirilən "omikron"a yoluxmaların aşkarlanması Honkonq ilə Çinin materik hissəsi arasında karantinsiz gediş-gəlişin bərpasına dair müzakirələrin başlamasından cəmi bir neçə gün sonraya təsadüf etməsi səlahiyyətli qurumlarda narahatlıq yaradıb. "Omikron" ştamı aşkarlananlardan biri Cənubi Afrika Respublikasından gələn sərnişin, digəri isə onunla eyni karantin otelində qalan şəxsdir.
Honkonq hökuməti "omikron" ştamı təhlükəsi ilə əlaqədar son 21 gün ərzində Cənubi Afrika Respublikası, Botsvana, Esvatini, Lesoto, Malavi, Mozambik, Namibiya və Zimbabvedə olanların əraziyə girişinə müvəqqəti qadağa qoyub.
Qeyd edək ki, əcnəbilərin Honkonq xüsusi inzibati ərazisinə girişi pandemiya başlayandan kiçik istisnalar olmaqla qadağan edilib. Bundan başqa, Honkonq ilə Çinin materik hissəsi arasında da gediş-gəliş xeyli dərəcədə məhdudlaşdırılıb. Əraziyə daxil olanlar isə xüsusi yerlərdə 14 gün müddətinə məcburi karantinə cəlb olunurlar. Çinin materik hissəsində, həm də Honkonqda yoluxmaların nəzarət altına alınması fonunda karantinsiz gediş-gəlişin bərpasının mümkünlüyü məsələsi gündəmə gəlib. Honkonqda "omikron" ştamına yoluxmaların aşkarlanmasının bu planın həyata keçməsinə mane olub-olmayacağı hələlik bilinmir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin