Horadizdə soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin açılışı olmuşdur
Füzuli, 31 mart (AZƏRTAC). Respublikanın hər yerində olduğu kimi, Horadiz şəhərində də Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ermənilər tərəfindən müxtəlif dövrlərdə soyqırımına məruz qalmış azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri, ziyalıların iştirak etdiyi mərasimdə çıxış edənlər erməni millətçilərinin tarixi Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” yaratmaq məqsədi ilə XX əsrdə xalqımıza qarşı apardıqları təcavüzkar siyasətdən, törədilən faciələrdən, terror aktlarından danışmışlar. Bildirilmişdir ki, 1905-1907-ci, 1918-1920-ci və 1988-1993-cü illərdə erməni millətçiləri Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək yaşayış məntəqələrini, tarixi və mədəniyyət abidələrini, məscidləri, məktəbləri, səhiyyə ocaqlarını dağıtmışlar.
1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi ilə həyata keçirdikləri soyqırımı zamanı on minlərlə dinc əhali məhv edilmiş, görünməmiş qanlı cinayətlər törədilmişdir.
Çıxışlarda azərbaycanlılara qarşı yüz illər boyu davam edən soyqırımı və deportasiya siyasətinin mahiyyəti və tarixi kökləri ətraflı təhlil edilmiş, soyqırımı hadisələrinə, erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri önə çəkilmişdir. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından sonra faciə ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.
Sonra Horadiz şəhərində 31 mart soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin açılışı olmuşdur.