Hüseyn Bağırov: Azərbaycanda qlobal iqlim dəyişmələrinə qarşı konkret tədbirlər həyata keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Noyabrın 16-da Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransının Yüksək Səviyyəli Seqmentinin Plenar İclasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov çıxış edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, H.Bağırov çıxışında qlobal iqlim dəyişmələrinin bütün bəşəriyyət üçün böyük təhlükə olduğunu və onun qarşısının alınması üçün Azərbaycanın iki il əvvəl qəbul etdiyi Paris razılaşması üzrə 2030-cu ilə qədər istilik effekti yaradan tullantıların 35 faiz azaldılmasına dair iddialı öhdəliyi hədəf kimi götürdüyünü bəyan edib. Nazir bunun inkişaf etməkdə olan və konvensiyanın əlavə bir qrupuna daxil olmayan ölkəmiz üçün iddialı bir öhdəlik olduğunu və qlobal iqlim sisteminin qorunmasına töhfə verəcəyini vurğulayıb. O, bildirib ki, Azərbaycanda qlobal iqlim dəyişmələrinə qarşı götürülən öhdəliklərin yerinə yetirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilib və bundan sonra da tullantıların azaldılması üçün bir sıra layihələrin reallaşdırılması davam edəcək. Hazırda ölkədə bərpa olunan enerjidən istifadənin genişləndiyi, karbonun udulması üzrə arid və semiarid ərazilərdə yeni meşə massivlərinin, aqromeşə plantasiyalarının salınması, elektrik stansiyalarında mazutdan istifadənin dayandırılması, və s. nəticəsində 1990-cı ildən indiyə qədər təxminən 650 milyon ton karbon tullantısının azaldıldığı vurğulanıb və bütün bu tədbirlərin Azərbaycanın öz maliyyə vəsaiti hesabına həyata keçirildiyi xüsusi olaraq qeyd edilib.
Nazir, eyni zamanda, çıxışında Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə təbii sərvətlərin vəhşicəsinə talan edildiyini, meşələrin amansızcasına yandırıldığını bildirib və bu cür amillərin götürülən öhdəliklərin yerinə yetirilməsinə mane olduğunu, BMT-nin təsir gücünün daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.
H.Bağırov çıxışının sonunda iqlim dəyişmələri tədbirlərinin yerinə yetirilməsi üçün beynəlxalq hüququn fundamental prinsiplərindən biri sayılan dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsi prinsipinin həlledici olduğunu vurğulayıb.