İçərişəhərdə milli mətbəximizin unudulmuş yeməkləri təqdim olunur
Bakı, 1 sentyabr, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq Bakı sakinlərini və şəhərimizin qonaqlarını rəngarəng festivallarla sevindirməyə davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 1-də İçərişəhərdə “Unudulmuş yeməklər” adlı yemək festivalı başlayıb. Festivalın keçirilməsində məqsəd şəhərimizin tarixi hissəsində Qurban bayramı ab-havası yaradaraq bayram təntənəsini paytaxt sakinləri və şəhərimizin qonaqları ilə birlikdə qeyd etməkdir.
Hazırlanmasında və təqdimatında festivala ziyarətçilərin də iştirak edə biləcəyi irimiqyaslı yemək festivalı, eyni zamanda, Azərbaycan mətbəxinə olan marağı artırmaq və milli mətbəximizin unudulmuş zənginliklərini nümayiş etdirərək, xalqımızın zəngin süfrəsinə geri qaytarmaq məqsədi daşıyır.
Festivalda milli mətbəximizin 8 unudulmuş yemək nümunələri hazırlanıb təqdim olunur. Bunlar Bakı mətbəxinə məxsus “Həlim aşı”, Qarabağa məxsus “Balva”, Qərbi Azərbaycan mətbəxinə aid “Təngab”, “Məkə şorbası”, “Zəngi çörəyi”, “Yeznə qalını”(şirniyyat), “Tər halva” və “Müsənbə plov” yeməkləridir. Bu yeməklərin reseptləri İçərişəhər Tarix Muzeyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni Mərkəzinin əməkdaşlarının tədqiqatı nəticəsində araşdırılaraq tapılıb.
Yeməklərin təqdim edildiyi guşələrin qarşısında təamların adları və tərkibi yazılan stendlər quraşdırılıb.
Festivalda, həmçinin müxtəlif qurumlar öz məhsullarını təqdim edir. İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi tərəfindən uşaqlar üçün ustad dərsləri keçirilir. Festival günlərində isə hər gün axşam saatlarında musiqili proqram təqdim olunacaq.
Sentyabrın 3-dək davam edəcək festivalın iştirakçıları İçərişəhərin tarixi küçələrində milli mətbəximizin unudulmuş ləzzətini dada bilərlər.