İQTİSADİYYAT
İcraçı direktor: Banklar dayanıqlı bankçılıq üçün inkişafı dəstəkləyən strategiyalar hazırlamalıdır
Bakı, 3 dekabr, AZƏRTAC
Banklar dayanıqlı bankçılıq üçün ekoloji, sosial və idarəetmə (ESG) standartları əsasında inkişafı dəstəkləyən strategiyalar hazırlamalıdır.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
“Banklar yaşıl maliyyələşdirmə və davamlı layihələrin təşviqi ilə cəmiyyətin gələcəyinə töhfə verə bilər. Mərkəzi Bankın təsdiqlədiyi yaşıl taksonomiyanı maliyyə sektorunda dayanıqlı inkişaf və yaşıl keçid üzrə strateji hədəflərin reallaşdırılması baxımından vaxtında atılmış mühüm addım hesab etmək olar. Bu sənəd iqtisadi sektorlar üzrə yaşıl fəaliyyətin növlərini, alt-növlərini və onların texniki təsnifat meyarlarını müəyyən edir, 10 sektoru əhatə edir”, - deyə V.Qasımlı qeyd edib.