İctimai Ekoloji Şuranın iclası keçirilmişdir
Bakı, 17 sentyabr (AZƏRTAC). Ekologiya və təbii sərvətlər naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın iclası keçirilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, bu sahədə ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə təkliflərin hazırlanması məqsədi ilə keçirilən iclasda 5 məsələ müzakirəyə çıxarılmışdır.
İclası şuranın sədri, nazir Hüseynqulu Bağırov giriş sözü ilə açdıqdan sonra gündəlikdə duran məsələlərə baxılmışdır.
Şurada noyabrın 2-dən 4-dək “Baku Expo” Mərkəzində “Xəzər: Ətraf mühit üçün texnologiyalar” mövzusunda keçiriləcək ekoloji sərgiyə nazirliyin təşkilati dəstək göstəriləcəyi bildirilmiş və bu məqsədlə işçi qrupunun yaradılması qərara alınmışdır.
Eyni zamanda, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi və “Ölkə ərazisində ekoloji riskli zonalar üzrə ictimaiyyəti cəlb etməklə monitorinqlərin keçirilməsi istiqamətləri” müzakirə olunmuşdur. Müzakirələr zamanı monitorinq qruplarının tərkibinə sahələr üzrə ekspertlərin, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin də daxil edilməsi tövsiyə edilmişdir.
Şurada, həmçinin “İctimaiyyəti cəlb etməklə ölkə ərazisində ekoloji monitorinqlərin keçirilməsi və nəticəyə uyğun əhalinin məlumatlandırılması üzrə qaydalar”la bağlı layihə də müzakirə edilmişdir.
“Ekoloji ekspertiza haqqında” qanun layihəsi barədə şura üzvlərinə məlumat verilmişdir. Bununla əlaqədar tədbir iştirakçıları öz təkliflərini söyləmişlər.
Nazir H.Bağırov qanun layihəsinə dair verilmiş təkliflərin təhlil edilməsi barədə tapşırıq vermişdir.
Sonda Ekoloji Şuranın növbəti iclasının gündəliyi müəyyən olunmuşdur.