IDEA İctimai Birliyinin “Eko-skaut” layihəsi uğurla davam edir
Bakı, 26 yanvar, AZƏRTAC
IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənclərin böyük marağına səbəb olan “Eko-skaut” layihəsi uğurla davam edir.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, qısa müddət ərzində sayları 150-yə çatan IDEA eko-skautlarının yeni üzvləri ilə yanvarın 25-də təşkilatın Zirə Mədəniyyət Mərkəzində yerləşən Resurs Mərkəzində görüş keçirilib.
Qeyd edək ki, həmin layihəyə ötən ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, onları təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadəyə təşviq etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir.
Layihə gənclərə planetimiz üçün təhlükə yaradan ekoloji problemləri dərk etmək və bu problemlərin həllinə digərlərini də cəlb etməklə bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanı yaradır.
IDEA eko-skautu olmaq istəyən gənclərə görüş zamanı layihənin mahiyyəti, eko-skautların öhdəlikləri, onların fəaliyyət prinsipləri, gündəlik eko-skaut qaydaları, eko-skaut klubuna üzv olmağın yolları, üzvlük kartı və yüksək statuslu kartlar almağın yolları, balların toplanma mexanizmi haqqında ətraflı məlumat verilib.
Layihəyə qoşulmaq üçün müraciət edən 30 nəfərə yaxın gəncə üzvlük kartı və IDEA tərəfindən xüsusi olaraq hazırlanmış papaq, bel çantası, döş nişanı verilib. Yeni qoşulan üzvlər “Gənc ekoloq” statusu altında ətraf mühitə faydalı işlərlə məşğul olaraq ballar yığıb statuslarını artırmaq imkanı əldə edəcəklər. Kifayət qədər bal toplayan eko-skautlar ən yüksək mərhələyə keçmiş sayılacaq və onlara IDEA tərəfindən sertifikat və qiymətli hədiyyələr təqdim olunacaq.
Görüşün sonunda “Eko-skaut” layihəsinə qoşulmaq üçün könüllü olaraq müraciət etmiş yeni üzvlər birgə “Eko-skaut andı” içiblər.
Layihə haqqında, o cümlədən qeydiyyat, üzvlük qaydaları, balların toplanması və s. ilə bağlı ətraflı məlumatı http://www.ideacampaign.org/ecoscout/ saytında və ya (012) 497 6316 telefon nömrəsinə zəng edərək əldə etmək olar.