“İdman Həyatdır” adlı badminton turniri təşkil edilib
Bakı, 7 mart, AZƏRTAC
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində qadınlar arasında “İdman Həyatdır” adlı badminton turniri keçirilib.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ədalətli oyun prinsiplərindən irəli gələrək gender bərabərliyinin təmin olunması baxımından qadın iştirakçılar arasında bu cür tədbirlərin həyata keçirilməsində məqsəd badmintonun hamı üçün əlçatanlığını təmin etməklə yanaşı onların asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşması və fiziki inkişafının təmin edilməsidir.
Turnirin sonunda qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.
Tədbirdə Azərbaycan Badminton Federasiyasının marketinq meneceri Aydan Məmmədhəsənova, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin "Ədalətli Oyunlar" komissiyasının sədri Xəzər İsayev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Cəmilə Bağırova iştirak edib.
Qeyd edək ki, daha öncə ötən ilin noyabr ayında Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində qadın iştirakçılar arasında “İdman Həyatdır” adlı badminton turniri keçirilib.
Turnir Azərbaycan Badminton Federasiyasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunub.