İdmançılarımızın qələbələrinin kökündə dövlətimizə və millətimizə sevgi dayanır
Bakı, 20 noyabr (AZƏRTAC). Müasir qloballaşma dövründə iqtisadi inkişaf tempinə görə regionun lider dövlətinə, bir çox nüfuzlu beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycan, həm də dünyada idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız medallar bunun əyani təsdiqidir. Bu uğurlar isə son illər ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür.
Qürurla demək olar ki, Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilmişdir. Bunun nəticəsidir ki, ölkəmiz birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Şahmat Olimpiadası kimi mötəbər idman yarışlarına ev sahibliyi etməyə hazırlaşır. İstər maddi-texniki bazanın, istər insan potensialının, istərsə də idman sahəsində kifayət qədər kadrlarımızın olması bizə bu yarışları yüksək səviyyədə təşkil etməyə imkan verəcəkdir.
Ən əsası isə Azərbaycanda artıq ümumxalq məhəbbətini qazanmış Olimpiya hərəkatına dövlətimizin dəstəyi vardır. Bu gün ölkəmizdə Olimpiya Oyunlarının qalibləri və mükafatçıları seçilib- sayılan, hörmət edilən vətəndaşlardır. Onların qələbələrinin kökündə isə dövlətimizə və millətimizə sevgi dayanır.
Azərbaycanın idman şərəfini qoruyanlardan biri də Hidayət Məmmədovdur. O, dəfələrlə ciu-citsu idman növünün Braziliya versiyası üzrə Azərbaycan çempionu olmuşdur. İdmançımızın cari ildə qazandığı nailiyyətlər çox ürəkaçandır. Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində təşkil olunmuş “Abu Dabi Cup” turnirində H.Məmmədov mütləq çəkidə qızıl, no gi növündə isə bürünc medal qazanmışdır. Abu Dabi şəhərində təşkil olunmuş digər - “Emirates Super Cup” və “Arabian Gulf Cup” yarışları da idmançımız üçün uğurlu olmuşdur. İlk turnirdə H.Məmmədov gi kateqoriyasında qızıl, no gi növündə isə bürünc medala sahib olmuşdur. Digər yarışda isə atletimiz hər iki növdə rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Söhbət zamanı Hidayət Məmmədov qazandığı uğurlardan ürəkdolusu və həvəslə danışır: “Var gücümlə yeni yarışlara hazırlaşıram. Gələn ay Kiprdə beynəlxalq turnir, Qazaxıstanda isə kombat ciu-citsusu üzrə dünya çempionatı keçiriləcəkdir. Bu yarışlarda da inamlı mübarizə aparıb Azərbaycanın üçrəngli bayrağını dalğalandırmaq istəyirəm. Qazandığım qələbələrlə xalqımızı sevindirib, həmin ölkələrdə dövlət himnimizi səsləndirmək istəyirəm”.
Söz yox ki, bu uğurların qazanılmasında idmana olan böyük məhəbbətlə yanaşı, ona göstərilən qayğı da əsas amillərdən biri olmuşdur. Bildirmişdir ki, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada irəlidə gedən ölkələrdən biridir. Bu danılmaz həqiqət və təsdiq olunmuş faktdır. Qələbə sədaları Olimpiya oyunlarından, Avropa çempionatlarından, beynəlxalq turnirlərdən gələn Azərbaycan bu sahədə inkişafa görə Avropa dövlətlərini də geridə qoyur.