İkinci Dünya müharibəsində azərbaycanlıların döyüş ruhu müasir gənclər üçün örnəkdir
Bakı, 4 may, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü münasibətilə Azərbaycan Ordusunun tabeliyindəki birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir Gəncə Qarnizonunun İdeoloji və Mədəniyyət Mərkəzinin “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə vurğulanıb ki, İkinci Dünya müharibəsində Azərbaycan xalqı SSRİ-nin digər xalqları ilə birlikdə faşizm üzərində Qələbəyə layiqli töhfələr verib. İkinci Dünya müharibəsində azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 223-cü və 77-ci diviziyalar qəhrəmanlıqla vuruşub. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində təxminən 600 mindən çox azərbaycanlı ordu sıralarına qoşulub. Onlardan ən azı yarısı savaş meydanında həlak olub.
N nömrəli hərbi hissədə 9 may - Qələbə Gününə həsr olunmuş tədbirdə İkinci Dünya müharibəsində döyüşən azərbaycanlılardan ibarət diviziyaların bayraqları şəxsi heyət üçün nümayiş etdirilib.
Hərbi qulluqçulara İkinci Dünya müharibəsinin azərbaycanlı qəhrəmanlar Həzi Aslanov, İsrafil Məmmədov, Qafur Məmmədov haqqında çəkilən tarixi filmlər nümayiş etdirilib.
Gənc leytenant Cəlal Nəcəfov çıxış edərək iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun döyüş yolundan fəxrlə danışıb. O, ulu babalarımızın davamçısı olaraq, zabit kimi Vətənə xidmət etməklə onların yolunu şərəflə davam etdirdiyini və İkinci Dünya müharibəsində Azərbaycan gənclərinin göstərdiyi rəşadətin, döyüş ruhunun bu gün də gənc nəslə örnək olduğunu deyib.
Digər hərbi qulluqçu da Sovet İttifaqı qəhrəmanı Məstan Əliyev nəslinin davamçısı kimi babasının keçdiyi şərəfli döyüş yolundan danışıb.
Qələbə Gününə həsr olunmuş tədbirdə “Vətən Uğrunda” səyyar təşviqat dəstəsi “Əsgər məktubu” layihəsini həyata keçirib. Əsgərlər bu layihə çərçivəsində nənə və babalarına ünvanladıqları məktublarda alman faşizmi üzərində əldə olunan Qələbəyə görə onlara minnətdar olduqlarını bildiriblər.