İKİTƏRƏFLİ ƏMTƏƏ DÖVRİYYƏSİ 2 MİLYARD DOLLARI ÖTMÜŞDÜR
Bakı, 15 yanvar (AZƏRTAC). Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi ilk dəfə psixoloji baxımdan mühüm olan 2 milyard dollarlıq həddi ötmüşdür.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin AZƏRTAC-ın müxbirinə müsahibəsində ölkəsinin Federal Gömrük Xidmətinin məlumatını şərh edərək demişdir ki, ötən ilin yanvar-noyabr aylarının yekunlarına görə, ikitərəfli əmtəə dövriyyəsi 2007-ci illə müqayisədə 44 faiz artaraq 2197,7 milyard dollara çatmışdır.
Beləliklə, qarşılıqlı ticarətdə əhəmiyyətli olan iki milyardlıq hədd cəmi 11 ay ərzində keçilmiş, ikitərəfli əməkdaşlığın inkişafı formatında iki dövlət başçısı tərəfindən nəzərdə tutulmuş daha bir prioritet məqsədə nail olunmuşdur. Bu əlamətdar hadisənin qlobal maliyyə böhranının dünyanın maliyyə sisteminə gətirdiyi məlum problemlərə və nəticə etibarilə bir çox aparıcı ölkələrdə resessiyanın başlanmasına baxmayaraq baş verməsi də az əhəmiyyət kəsb etmir.
Təbii ki, bütün il üzrə fəaliyyət yekunları elan ediləndə ikitərəfli əmtəə dövriyyəsinin göstəricisi daha yüksək olacaqdır.
Rusiya məhsullarının on bir ayda Azərbaycana ixracı 1822,4 milyard dollar (artım 46,0 faiz ), Azərbaycandan idxal isə 375,4 milyon dollar (artım 35,0 faiz) təşkil etmişdir.
Rusiya ixracda liderliyini qoruyub saxlamışdır. Rusiya ixracının fərqləndirici cəhəti yüksək əlavə dəyərli məhsulların, o cümlədən həcmi 2007-ci illə müqayisədə 60 faizdən çox artmış maşın-texnika malları qrupu üzrə payının çox olmasıdır (90 faiz).
Bu gün cəsarətlə demək olar ki, ikitərəfli ticari-iqtisadi əlaqələri daha da genişləndirmək üçün birgə səylərlə möhkəm baza yaradılmışdır.
Vladimir Morozkov
AZƏRTAC-ın müxbiri