İlahiyyat elmlərinin tədqiqinə dair müzakirələr aparılıb
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamını rəhbər tutaraq Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tədbirlər planı təsdiq edilib. Tədbirlər planı çərçivəsində ali təhsil müəssisəsində “İlahiyyat elmlərinin tədqiqi: mövcud vəziyyət və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “İlahiyyat elmlərinin tədqiqi: problemlər, gözləntilər və hədəflər” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanın ali təhsil müəssisələrində güclü elmi mühitin yaradılmasına xüsusi önəm verilir, dövlətimiz bu sahəyə daim diqqət və qayğı ilə yanaşır.
Ceyhun Məmmədov elm və təhsilin inkişafında ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayıb.
Rektor müasir dövrdə ilahiyyat sahəsində görülən işlər, eyni zamanda, qarşıda duran hədəflər haqqında ətraflı məlumat verib. Gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə olunması məqsədilə elm və təhsil əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
İnstitutun elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov “Din araşdırmaları sahəsində mövcud olan beynəlxalq indeksli dərgilər” mövzusunda məruzə edib, müasir dövrdə elm, din və təhsil sahəsində aparılan islahatları diqqətə çatdırıb. Aqil Şirinov “Web of Science” haqqında ətraflı məlumat verib. İnstitutda çalışan müəllim heyətinin dünyanın bir çox ölkəsində fəaliyyət göstərən indeksli jurnallarda məqalələrinin nəşr olunduğunu bildirib.
Tədbirdə iştirak edən professor Şahlar Əsgərov, təhsil üzrə ekspert Nadir İsrafilov məruzələr ətrafında çıxışlar ediblər.
Xatırladaq ki, Aİİ-də “Elm günü”nün keçirilməsində əsas məqsəd elmi fəaliyyətin cəlbediciliyini artırmaq, institutun professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaqdan ibarətdir.