SİYASƏT
İLHAM ƏLİYEVİN İTAR-TASS-DA MƏTBUAT KONFRANSI
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev martın 22-də Moskvada keçirilmiş mətbuat konfransında bir sıra mühüm bəyanatlar vermişdir. İTAR-TASS-da Rusiya kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşündə o, bəyan etmişdir ki, “Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə MDB ölkələri ilə əməkdaşlığa hazırdır, lakin terrorizmə qalib gəlmək üçün onun əsas səbəbini - nəzarətsizliyə son qoymaq lazımdır”.
İlham Əliyevin fikrincə, bu cür hallar Azərbaycan ərazisində də, daha doğrusu, Dağlıq Qarabağda mövcuddur. İlham Əliyev demişdir: “Bu bölgədə nəinki erməni yaraqlılarının, həm də beynəlxalq terrorçuların bazaları var”. O, həm də vurğulamışdır ki, onların əsas maliyyə mənbəyi narkotik bitkilər becərilməsi və narkotik vasitələrin satışıdır.
Milli Məclisin deputatı bildirmişdir ki, Azərbaycan MDB dövlətləri arasında terrorizmdən ən çox ziyan çəkmiş ölkədir. İlham Əliyev demişdir: ”Ötən 10 ildə ölkədə 32 terror aktı törədilmiş, bunların nəticəsində iki min adam həlak olmuş, on minlərlə adam yaralanmışdır”.
O, Ermənistanın “işğal olunmuş Azərbaycan ərazilərini qaytarmasını və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini” Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının başlıca prinsipləri adlandırmışdır. İlham Əliyev vurğulamışdır ki, “Azərbaycan tərəfi bu əsas prinsiplərdən geri çəkilməyəcəkdir. Ermənistan bunu nə qədər tez anlasa, biz regionda sülhə bir o qədər tez nail olarıq”.
İlham Əliyev Azərbaycanda 2003-cü ildə keçiriləcək prezident seçkilərindən danışarkən bildirmişdir ki, hakim Yeni Azərbaycan Partiyasının ali dövlət vəzifəsinə namizədi məlumdur. Bu namizəd indiki Prezident Heydər Əliyevdir. Qarşıdakı prezident seçkilərində onun yenidən qalib gələcəyinə şübhəmiz yoxdur.
Mətbuat konfransında beynəlxalq energetika və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi, Azərbaycan-Rusiya münasibətləri, Azərbaycanda uşaq və yeniyetmə idmanı, olimpiya hərəkatının inkişafı məsələlərinə də toxunulmuşdur.
/Mətbuat konfransı haqqında geniş hesabat qəzetdə dərc ediləcəkdir/.