İlham Zəkiyev: IV İslam Həmrəyliyi Oyunlarında ağır atletlərimizin medal qazanmaq şansları böyükdür
Bakı, 8 may, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ağır atletlərimizin medal qazanmaq şansları böyükdür.
AZƏRTAC xəbər verir ki, bunu tanınmış paralimpiyaçı cüdoçumuz, IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri İlham Zəkiyev bu mötəbər yarışla bağlı Azərbaycan Ağır Atletika Federasiyanın rəsmi internet televiziyasına (AAAF TV) müsahibəsində deyib.
“IV İslam Həmrəyliyi Oyunları böyük idman hadisəsidir. Bu yarışların Bakıda keçirilməsi çox böyük əhəmiyyət daşıyır. Bütün müsəlman ölkələrinin hamısı Oyunların vahid amalı uğrunda bir araya gələcəklər. Medallar uğrunda maraqlı və gərgin mübarizə aparılacaq. Azərbaycan yığma komandasının bütün idman növləri üzrə uğurlu çıxış etmək, ümumi sıralamada birinci yeri tutmaq şansı böyükdür. Xalqımıza üzümü tutub deyirəm ki, idmançılarımızı fəal dəstəkləsinlər, arenalara gəlsinlər, atletlərimizi uğura səsləsinlər. Gücümüz həmrəyliyimizdədir. Ona görə də həmrəy olmalıyıq”, - tanınmış idmançı bildirib.
Paralimpiyaçı cüdoçumuz ağır atletika üzrə yığmamızdan gözləntilərə də toxunaraq deyib: “Ağır atletlərimizin də şansını yüksək qiymətləndirirəm. Oyunlara səkkiz qadın və səkkiz kişi idmançı ilə qatılırıq. Heyət güclü, inam böyükdür. Onlardan ən azı bir neçə qızıl medal gözləyirik. İnşallah, qələbələri ilə bizi, xalqımızı, Prezident İlham Əliyevi sevindirəcəklər. Onların hər birinə uğurlar arzulayıram”.
İ.Zəkiyev ikiqat Paralimpiya, ikiqat dünya, altıqat Avropa və birinci Avropa Oyunlarının çempionudur. Azərbaycanın Əməkdar İdman Ustası, altıncı dan sahibi, Qarabağ müharibəsi əlili və qazisi olan İ.Zəkiyev Azərbaycan Prezidentinin sərəncamları ilə “Şöhrət” ordeni və “Tərəqqi” medalı ilə təltif edilib. O, 2008-ci, 2012-ci və 2016-cı Yay Paralimpiya oyunlarında Azərbaycan paralimpiya millisinin bayraqdarı olub. Tanınmış idmançı 1999-cu ildə cəbhə bölgəsində snayper gülləsi ilə başından vurulduqdan sonra görmə qabiliyyətini itirib.