REGİONLAR
İmişli Rayon Ağsaqqallar Şurasının Zəfər Gününə həsr edilmiş konfransı olub
Bakı, 2 noyabr, AZƏRTAC
İmişli Rayon Ağsaqqallar Şurasının Zəfər Gününə həsr olunmuş yarımillik hesabat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə torpaqlarımızı öz canları, qanları bahasına düşmən tapdağından azad edən şanlı Ordumuzun qəhrəmanlıqlarından söz açıb.
Cari ilin may ayına qədər İmişli Rayon Ağsaqqallar Şurasının ümumilikdə 177 nəfər üzvü olduğunu xatırladan natiq bildirib ki, sonrakı dövr ərzində Şura rəhbərliyinin həyata keçirdiyi ardıcıl və səmərəli tədbirlər sayəsində rayonun kəndlərində, idarə və müəssisələrində 24 yeni ərazi təşkilatı yaradılıb. Nəticədə onları sayı 49-a, Rayon Ağsaqqallar Şurası üzvlərinin sayı isə 1348 nəfərə çatıb və bu proses hazırda uğurla davam edir.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatındakı əhəmiyyətli rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin davamlı inkişafı prosesində ağsaqqallarımızın, o cümlədən İmişli rayonunun ağsaqqallarının üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirəcəklərinə əmin olduğunu bildirib.
Sonra İmişli Rayon Ağsaqqallar Şurasının son 6 ay ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov tariximizə qızıl hərflərlə yazılmış şanlı Qələbədən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun, unudulmaz şəhidlərimizin və igid qazilərimizin bizə bəxş etdiyi Zəfər sevincindən söz açıb. Zəfər Gününü Azərbaycan əsgərinin ürəklərdə ucaldılmış əsl qəhrəmanlıq, şücaət və fədakarlıq abidəsi adlandırıb.
Sonra təşkilati məsələlər müzakirə olunub. Açıq səsvermə yolu ilə İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti yenidən formalaşdırılıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılan konfransın qərar layihəsi yekdilliklə qəbul olunub.